“Abzas Media” internet nəşrinin əməkdaşı Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri seçilib. Qərarı dekabrın 1-də Xətai Rayon Məhkəməsi qəbul edib. Noyabrın 30-da tutulan jurnalist qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinir.
“Abzas Media”nın direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov noyabrın 20-dən, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-dən eyni ittihamla həbsdədirlər. İstintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.
Noyabrın 27-də isə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov tutulub. Jurnalistə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı irəli sürülüb. Əziz Orucovun Bakının 20-ci sahə ərazisində qanunsuz ev tikdiyi iddia olunur.