Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. Rəsmi məlumata görə, iclasda Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeologiya və Antropologiya İnstitutu, Tarix İnstitutunun Tarix və Etnologiya İnstitutu adlandırılması istənib.
AMEA dövlət ali elmi təşkilatıdır, elmi fəaliyyətini strukturuna daxil olan elmi müəssisə və təşkilatlar, habelə elmi bölmələri vasitəsilə həyata keçirir.
Akademiyanın ali idarəetmə orqanı ümumi yığıncaq, kollegial icra orqanı Rəyasət Heyətidir.
Ümumi yığıncaq AMEA-nın həqiqi, müxbir, xarici və fəxri üzvlərindən ibarətdir. Qurumun nizamnaməsinin qəbulu və təsdiq üçün ölkə prezidentinə təqdimatı, akademiyanın prezidentini seçmək və təsdiq üçün ölkə prezidentinə təqdim etmək ümumi yığıncağın səlahiyyətindədir.
Rəyasət Heyəti akademiyanın prezidentindən, vitse-prezidentlərindən, akademik katibindən və regional elmi bölmə sədrlərindən ibarətdir. Akademiyanın digər həqiqi üzvləri də Rəyasət Heyətinin üzvü seçilə bilərlər.
Prezident ümumi yığıncaqda akademiyanın həqiqi üzvləri sırasından seçilir.
2022-ci ildən AMEA-ya İsa Həbibbəyli prezidentlik edir.
Əsası 1945-ci ildə qoyulan AMEA-nın prezidenti postunu bu şəxslər tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə, Ramiz Mehdiyev.
Akademiyanın strukturu belə müəyyən edilib: Rəyasət Heyətinin Aparatı; Respublika Seysmoloji Xidmət Mərkəzi; Tarix İnstitutu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu; Şərqşünaslıq İnstitutu; Fəlsəfə və Sosiologiya İnstitutu; Ədəbiyyat İnstitutu; Dilçilik İnstitutu; Memarlıq və İncəsənət İnstitutu; Əlyazmalar İnstitutu; Folklor İnstitutu; Qafqazşünaslıq İnstitutu; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Lənkəran Regional Elmi Mərkəzi; Şəki Regional Elmi Mərkəzi; Mərkəzi Elmi Kitabxana; “Elm” Nəşriyyatı; Naxçıvan bölməsinin Aparatı; Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Əlyazmalar Fondu; Gəncə bölməsinin Aparatı; Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr – Humanitar Tədqiqatlar İnstitutu; Diyarşünaslıq İnstitutu; Nizami Gəncəvi Mərkəzi.