Noyabrın 28-də prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılmasına sərəncam verib. Xankəndi şəhərində yerləşəcək ali təhsil müəssisəsi Elm və Təhsil Nazirliyinin tabeliyində olacaq. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiqləmək, fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək tapşırılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini (Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) və Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.
Novator.az bildirir ki, Azərbaycanın 50 ali təhsil ocağının 20-si Elm və Təhsil Nazirliyinə tabedir: Bakı Dövlət Universiteti (Qazax filialı da var), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (nəzdində Azərbaycan-Fransız Universiteti də var), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (Dərbənd (Rusiyanın Dağıstan Respublikası) və Zaqatala filialları da var), Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi, Cəlilabad, Quba, Şamaxı, Şəki filialları da var), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Müəllimlər İnstitutu.
13 ali məktəb digər dövlət qurumlarının tabeliyində fəaliyyət göstərir: Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Diplomatik Akademiyası Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu.
7 ali təhsil müəssisəsi xüsusi təyinatlıdır: Hərbi İnstitut, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası.
Ali təhsil ocaqlarının 10-u özəldir: Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.