2023-cü ilin oktyabrında Türkiyədə istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 61,36 faiz yüksəlib. Hesabatı yayan Statistika Qurumu bildirir ki, oktyabrda 143 əsas mal, məhsul və xidmətin 122-də bahalaşma, 15-də ucuzlaşma rəsmiləşib, 6-da qiymət sabit qalıb.
Azərbaycan Mərkəzi Bankı noyabrın 3-də 100 Türkiyə lirəsini 5 manat 99 qəpiyə satır. Novator.az bildirir ki, bu, 2023-cü ilin siftəsindən 3 manat 8 qəpik aşağı qiymətdir. Yanvar 9 manat 7 qəpik, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 manat 86 qəpik, may 8 manat 74 qəpik, iyun 8 manat 19 qəpik, iyul 6 manat 53 qəpik, avqust 6 manat 31 qəpik, sentyabr 6 manat 36 qəpik, oktyabr 6 manat 20 qəpik, noyabr 6 manatla başlayıb.
2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Türkiyənin Mərkəzi Bankı lirənin dəyər itirməsini dayandırmaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) artırır. İyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlib, iyulun 20-dən 17,5 faiz həddi, avqustun 24-dən 25 faiz həddi, sentyabrın 21-dən 30 faiz həddi, oktyabrın 26-dan 35 faiz həddi qüvvəyə minib.
Noyabrın 3-də ABŞ dollarının rəsmi satış qiyməti 28,3 lirəni ötür. 2023-cü il 18,7 lirə ilə start götürmüşdü.