Noyabrın 3-ü Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının zirvə görüşü keçirilib. Sammitə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri, Türkmənistan Xalq Məsləhətinin sədri, Macarıstanın baş naziri və qurumun baş katibi qatılıb. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev tədbirdə çıxış edərək deyib ki, dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur: “Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.
Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan edib, tarixi və dini abidələrimizi dağıdıb.
Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.
2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü bərpa etdi.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi.
2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi.
2023-cü il sentyabrın 19-da Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.
Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur.
Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıb. 2019-cu il sentyabrın 14-də Özbəkistan şuraya qoşulub.
2021-ci il noyabrın 12-də qurum Türk Dövlətləri Təşkilatı adı alıb.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatında müşahidəçidir.