Maliyyə Nazirliyi 2024-cü ilin büdcə zərfinə daxil olan sənədlərin layihələrini dərc edib. Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilir.
Dövlət Vergi Xidmətinin xətti ilə 13 milyard 865 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 5 milyard 900 milyon manat daxilolma, Dövlət Neft Fondundan 12 milyard 781 milyon manat köçürmə, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə 831 milyon manat, başqa mənbələr üzrə 796 milyon manat gəlir proqnozlaşdırılır.
Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 7 milyard 787,9 milyon manat; müdafiə və milli təhlükəsizlik – 6 milyard 421,04 milyon manat; ümumi dövlət xidmətləri – 4 milyard 814,9 milyon manat; təhsil – 4 milyard 549,9 milyon manat; sosial müdafiə və sosial təminat – 4 milyard 542,2 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 956,6 milyon manat; səhiyyə – 1 milyard 871,2 milyon manat; kənd təsərrüfatı – 1 milyard 109,8 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 574,7 milyon manat; ətraf mühitin mühafizəsi – 376,8 milyon manat; mənzil və kommunal təsərrüfatı – 364,7 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 392,6 milyon manat.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlirlər və xərclər 6 milyard 919 milyon 860 min manat, işsizlikdən sığorta fondunun büdcəsində 238 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsində 2 milyard 811 milyon 428,3 min manat nəzərdə tutulur.
2024-cü il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 270 manat götürülür.