“Aviasiya haqqında” yeni qanun oktyabrın 20-də parlamentin ilk oxunuşundan keçib. Layihəyə görə, qanun Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi tədbirlərinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
İqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır.
Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.
Sınaq-konstruktor, eksperimental və elmi tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya sayılır.
Beynəlxalq hava limanları, mülki aerodromlar dövlət, xüsusi və bələdiyyə, hərbi aerodromlar isə dövlət mülkiyyətindədir.
Azərbaycana mənsub hava gəmiləri dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmiləri dövlət uçotuna alınmalıdır. Dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycanın milli mənsubiyyətini daşıyır.
Dövlət qeydiyyatına alınmış mülki hava gəmilərinə qeydiyyat sertifikatı verilir və onlar mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilir.
Aviasiya personalı müvafiq şəhadətnamə, vəsiqə və sertifikatlara malik olmalıdır.
Hava gəmilərini istismar etmək istəyən fiziki və hüquqi şəxslər istismarçı sertifikatı almalıdır.