Oktyabrın 18-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin vəzifədən götürülməsi məsələsinə baxıb. 86 deputat impiçmentin lehinə səs verib. Prezidentin istefaya göndərilməsi üçün 100 səs gərək olduğundan Salome Zurabişvili postunda qalıb.
İmpiçment təşəbbüsünü prezidentin 2023-cü ildə hökumətin razılığı olmadan üç xarici səfərə getməsini ana qanunun pozuntusu sayan hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının deputatları qaldırıb. Konstitusiya Məhkəməsi həmin müraciətə baxaraq iddianı təsdiqləyib.
Novator.az bildirir ki, Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində doğulub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb, müxtəlif səfirlik və nümayəndəliklərdə məsul postlar tutub.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-2005-ci illərdə bu ölkənin xarici işlər naziri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.
2018-ci il noyabrın 28-də Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi kimi prezident postuna mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.
Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.
Hökuməti 150 nəfərlik parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
Son vaxtlar hakim partiya ilə prezident arasında davamlı ziddiyyətlər yaşanır.