Prezident İlham Əliyevin Qarabağa 15 oktyabr səfərindən geniş materiallar yayılıb.
AZƏRTAC bildirir ki, ziyarətə keçmiş Ağdərə rayonundan başlayan dövlət başçısı Suqovuşan qəsəbəsində istirahət parkının açılışına, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb, Sərsəng su anbarının ərazisində və Ağdərə şəhərində dövlət bayrağını ucaldıb.
Prezident Xankəndidə dövlət bayrağını ucaldaraq çıxış edib, şəhərin Kərkicahan qəsəbəsində olub.
Şuşa rayonunun Malıbəyli kəndinə baş çəkən dövlət başçısı sonra Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocalı şəhərində, bunun ardınca Xocavənd şəhərində dövlət bayrağını ucaldıb.
Prezident həmçinin Ağdam-Füzuli avtomobil yolunun tikintisinin gedişi ilə tanış olub.
Oktyabrın 16-da İlham Əliyev Füzuli rayonuna səfər edib, Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməllərini qoyub.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, savaş alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Azərbaycanın bütün cənub-qərbi işğal edilib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.
Novator.az bildirir ki, 1961-ci il dekabrın 24-ü Bakıda doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil ocağının aspiranturasını bitirib, orada müəllimlik eləyib. Tarix elmləri namizədidir.
1991-ci ildən Moskvada özəl şirkətə rəhbərlik edib.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildə birinci vitse-prezidenti təyin olunub.
1995 və 2000-ci illərdə Milli Məclisin deputatı, 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini seçilib.
2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə gətirilib (o vaxt baş nazir ikinci ali vəzifəli şəxs sayılıb), həmin il oktyabrın 15-də və 2008-ci ilin eyni günündə prezident mandatı alıb.
2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə yasaq götürülüb və İlham Əliyev 2013-cü il oktyabrın 9-da üçüncü dəfə dövlət başçısı seçilib.
2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il aprelin 11-də İlham Əliyev yenə prezident seçkisini udub.
İlham Əliyev 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.