2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90,8 milyard manatlıq (ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi neft-qaz sektorunda 1,5 faiz azalmanın, qeyri neft-qaz sektorunda 3 faiz artımın qeydə alındığını bildirir, adambaşına ÜDM-i 8948,8 manat göstərir.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-sentyabr aylarına nəzərən sənayedə 1,1 faiz azalma rəsmiləşib, neft-qaz sektorunda istehsal 1,8 faiz azalıb, qeyri-neft/qaz sektorunda 6,1 faiz artıb.
Kənd təsərrüfatının ümumi məhsulunun 3 faiz (heyvandarlıq məhsulları istehsalının 3,5 faiz, bitkiçilik məhsulları istehsalının 2,5 faiz) artdığı vurğulanır.
Açıqlamaya əsasən, doqquz ayda sosial-iqtisadi sahələrə 12 milyard 728,9 milyon manat məbləğində (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 21,3 faiz çox) vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 18,1 faiz, qeyri-neft/qaz sektoruna yönəldilən vəsait 23,2 faiz çoxalıb: “Nəqliyyat sektorunda yük daşınması 5,9 faiz, sərnişin daşınması 17,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 14,7 faiz yüksəlib, əmtəə dövriyyəsi 3,3 faiz, ictimai iaşə dövriyyəsi real ifadədə 21,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 15,3 faiz artıb”.
Əhalinin gəlirlərinin 13,8 faiz artdığı, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 22 milyard 77 milyon manatın daxil olduğu, büdcədən 23 milyard 214,5 milyon manatın xərcləndiyi bildirilir.
Hesabata görə, yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 2022-ci ilin səkkiz ayı ilə müqayisədə faktiki qiymətlərlə 15,9 faiz azalıb, real ifadədə 0,4 faiz artıb, idxalda real ifadədə 6,9 faiz artım, ixracda 1,8 faiz azalma rəsmiləşib.
Sentyabrın 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 22 milyard 484,1 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 12 milyard 580,1 milyon manat göstərilib.