Oktyabrın 5-də Ali Məhkəmə AXCP üzvü Telman Seyfullayevə bəraət verilməsindən protestə baxıb. Novator.az-ın məlumatına görə, Baş Prokurorluğun protesti təmin olunmayıb, bəraət qüvvədə qalıb.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisdə mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
Təqsirləndirilən şəxslərə, o cümlədən Telman Seyfullayevə şərti həbs cəzası verilib.
1962-ci il təvəllüdlü Telman Seyfullayev 2020-ci il iyulun 20-də tutulub, noyabrın 17-də ev dustaqlığına buraxılıb.
2021-ci il iyunun 22-də Səbail Rayon Məhkəməsi Telman Seyfullayevə 2 il 7 aylıq şərti həbs cəzası kəsib. Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
2022-ci il iyunun 29-da Ali Məhkəmə işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi Telman Seyfullayevə bəraət verib.
Bəraət alandan sonra Telman Seyfullayev dövlətin ona təzminat ödəməsi istəyi ilə mülki iddia qaldırıb. Hazırda bu iş Ali Məhkəmənin icraatındadır.