İşğalçı Qarabağ rejiminin başçısı olmuş Araik Arutunyana ittihamlar açıqlanıb.
1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan 2007-2017-ci illərdə rejimin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri”, 21 may 2020-ci ildən 1 sentyabr 2023-cü ilədək “prezidenti” olub. O, oktyabrın 3-ü Xankəndidə tutulub.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun 5 oktyabr məlumatına görə, Araik Arutunyan təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsi, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunması, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsində şübhəli bilinir.
Qeyd olunur ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə, həmçinin terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə də əsaslı şübhələr var.
İşğalçı Qarabağ rejimi buraxıldı
Ruben Vardanyana ittihamlar açıqlandı
İşğalçı rejimin liderləri tutulub
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərinə, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyat başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.