Oktyabrın 3-dən Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti barədə müraciətə baxır. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 80 deputatının müraciətində prezidentin 31 avqust 2023-cü ildə hökumətin razılığı olmadan Avropaya səfərə getdiyi bildirilir, bununla konstitusiyanın pozulduğu iddia olunur.
Konstitusiya Məhkəməsi uyğun rəy versə, Gürcüstan parlamenti prezidenti vəzifədən uzaqlaşdıra bilər. Bunun üçün 100 deputatın səsi gərəkdir.
Novator.az bildirir ki, Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində doğulub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb, müxtəlif səfirlik və nümayəndəliklərdə məsul postlar tutub.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-2005-ci illərdə bu ölkənin xarici işlər naziri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.
2018-ci il noyabrın 28-də Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi kimi prezident postuna mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.
Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.
Hökuməti 150 nəfərlik parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
Son vaxtlar hakim partiya ilə prezident arasında davamlı ziddiyyətlər yaşanır.