Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bir hissəsində prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. 19 yanvar 2021-ci ildə yaradılan bu təsisat Prezident Administrasiyasının struktur bölməsi sayılır. Xüsusi nümayəndəni prezident təyin edir.
Novator.az bildirir ki, hazırda 4 xüsusi nümayəndə var: Aydın Kərimov Şuşa rayonuna, Emin Hüseynov Ağdam, Füzuli, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə, Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına, Məsim Məmmədov Laçın rayonuna məsuldur.
Qarabağın erməni sakinlərinin yaşadıqları ərazilərdə də idarəetmənin prezidentin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçiriləcəyi bəyan olunub. Mövcud nümayəndəliklərin əhatə dairəsinin genişlənməsi, yenilərinin yaradılması gözlənir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.