İspaniyanın Qranada şəhəri oktyabrın 5-də Avropa Siyasi Birliyinin zirvə toplantısına ev sahibliyi edəcək. Bu formatda Avropa İttifaqı ölkələri və tərəfdaşları, o cümlədən Azərbaycan təmsil olunur. Oktyabrın 4-də yayılan məlumata görə, prezident İlham Əliyev Qranadaya getməmək qərarı verib.
Qranadada İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla beştərəfli görüşü də gözlənirdi.
APA bildirir ki, Azərbaycan Qranada görüşünə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın da qatılmasını təklif edib, ancaq buna razılıq olmayıb. Bu fonda və Avropa İttifaqı, Fransa, Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəzi davranışları fonunda Qranada görüşü məqbul sayılmayıb.
O da vurğulanır ki, Azərbaycan Fransanın təmsil olunduğu heç bir sülh danışığında iştirak etməmək qərarı verib.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub. Sülh danışıqlarında əsas vasitəçilərdən biri Avropa İttifaqı Şurasının sədri Şarl Mişeldir. Bu il iyunun 1-i Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin zirvə toplantısına qatılan İlham Əliyev Nikol Paşinyan, Şarl Mişel, Olaf Şolts və Emmanuel Makronla bir araya gəlmişdi.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.
Fransa başda olmaqla bir çox ölkədən, eləcə də Avropa İttifaqı rəsmilərindən Azərbaycanı qınayan açıqlamalar gəlir.