Sentyabrın 29-u Yevlax şəhərində Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, əsas mövzu Qarabağın erməni əhalisinin reinteqrasiyasıdır.
Bu, son hərbi əməliyyatdan sonra üçüncü görüşdür. İlk görüşə sentyabrın 21-də Yevlax, ikincisinə sentyabrın 25-də Xocalı ev sahibliyi edib.
Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur. Görüşlərdə Azərbaycan hakimiyyətini onunla yanaşı Qarabağın işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəliyinin iki rəsmisi, Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edir. Rusiya sülhməramlı kontingentinin nümayəndələri də görüşlərə qatılır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.