Ermənistan paytaxtı Yerevanın sabiq meri Ayk Marutyan posta qayıda bilər. Novator.az-ın məlumatına görə, Yerevan Şəhər Şurasına mandat almış Ana Ermənistan bloku və İctimai Səs Partiyası onu dəstəkləməyə meyil göstərir, birlik yönündə qarşılıqlı mesajlar verilir.
65 nəfərlik Yerevan Şəhər Şurasına sentyabrın 17-də keçirilmiş seçkidə hakim Vətəndaş Sazişi Partiyası 24, Milli Yüksəliş Partiyası 14, Ana Ermənistan bloku 12, Respublika Partiyası 8, İctimai Səs Partiyası 7 mandat əldə edib.
Mer seçilmək üçün 33 mandat gərəkdir. Bu posta Vətəndaş Sazişi Partiyasından Tiqran Avinyan, Milli Yüksəliş Partiyasından Ayk Marutyan, Ana Ermənistan blokundan Andranik Tevanyan, Respublika Partiyasından Artak Zeynalyan, İctimai Səs Partiyasından Artak Qalstyan namizəddir.
1976-cı il təvəllüdlü Ayk Marutyan ali mühəndis təhsili alıb, ancaq aktyor, ssenarist, prodüser kimi fəaliyyət göstərib. Yerevan Şəhər Şurasına 2018-ci il sentyabrın 23-də keçirilmiş seçkidə hakim “Mənim addımım” bloku çoxluq qazanıb, blokun namizədlərinin siyahısında birinci olan Ayk Marutyan Yerevan meri postunu tutub.
2020-ci ilin dekabr ayında Ayk Marutyan “Mənim addımım” fraksiyasını tərk edib və tədricən baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası ilə əlaqələri kəsib.
2021-ci il dekabrın 22-də Yerevan Şəhər Şurası Ayk Marutyanı mer postundan uzaqlaşdırıb, həmin vəzifəyə Qraçya Sərkisyanı seçib. 2023-cü il martın 17-də Qraçya Sərkisyan istefa verib, merin səlahiyyətləri birinci müavin Levon Oqanesyana keçib.