Azərbaycan torpaqlarında qurulmuş işğalçı Qarabağ rejimi buraxılıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib. Novator.az bildirir ki, rejimin başçısı Samvel Şahramanyan sentyabrın 28-də belə sənəd imzalayıb.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.
1991-ci ildə qanunsuz yaradılan, özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimə müxtəlif vaxtlarda Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan rəhbərlik ediblər. Samvel Şahramanyan 2023-cü il sentyabrın 9-dan başçı idi.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən, eləcə də Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini ələ keçirib, Yuxarı Qarabağda işğalçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya hərbçiləri yeridilib.
Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarılıb.
Azərbaycanın 2021-2023-cü illərdəki lokal hərbi əməliyyatları ilə Ermənistan sərhədində və Yuxarı Qarabağda bəzi ərazilər nəzarətə götürülüb.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.