Dünya mediasından
- 28 Sentyabr 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Rusiya cəmiyyətində növbəti hərbi səfərbərlik ehtimalının çox müzakirə olunması hakimiyyəti narahat etməyə başlayıb. Ona görə də Rusiyanın Prezident Administrasiyası media qurumlarına səfərbərlik mövzusuna mümkün qədər toxunmamağı, hətta şayiələri də təkzib etməməyi tapşırıb. Çünki səfərbərliklə bağlı xəbərlər, o cümlədən yeni səfərbərliyin elan olunacağı haqda iddialara verilən rəsmi təkziblər böyük diqqət cəlb edir, geniş auditoriya toplayır. Bu da hakimiyyətin narahatlığına səbəb olub. Təkziblərin şayiələrin qarşısını almadığı, əksinə, daha da gücləndirdiyi aydınlaşıb. Cəmiyyətdə belə bir yanaşma var ki, hakimiyyət təkzib edirsə, deməli, xəbər doğrudur. Prezident Administrasiyasından media qurumlarına tapşırılıb ki, indən belə material hazırlayanda səfərbərlikdən yox, insanların müqavilə əsasında hərbi xidmətə götürülməsindən bəhs etsinlər, həm də prosesin olduqca uğurla həyata keçirildiyini vurğulasınlar. Xəbəri “Meduza”ya ötürən mənbə qeyd edib ki, xüsusilə 2024-cü ilin prezident seçkisi ərəfəsində səfərbərlik mövzusunun cəmiyyətdə yaratdığı həyəcan Kremlə əl vermir: “Bu, insanların ovqatını təlx edən mövzudur. Bəzilərini hətta etiraza sövq edə, prezident Vladimir Putinin tərəfdarı olan seçicilərdən kimlərisə onun əleyhinə səs verməyə yönəldə bilər”.
Kreml adamları orduya cəlb etmək üçün hansı metodlara əl atır? “Nyu-York Tayms” qəzeti yazır ki, 2022-ci ilin fevralından Ukraynada total müharibə aparan Rusiya ölən və yaralanan on minlərlə hərbçinin yerini doldurmaq üçün cidd-cəhdlə təbliğat kampaniyası aparır. Kreml xüsusilə telekanallarda, sosial mediada işğalçı müharibəyə haqq qazandırmağa, rusiyalıları Qərbin böyük təhlükə olduğuna inandırmağa çalışır. İstər kişiləri müharibəyə cəlb etmək, istərsə də döyüşdə yaxınlarını itirən ailələri sakitləşdirmək məqsədilə hakimiyyət Rusiyanın sərvətlərindən gen-bol yararlanır. Müqavilə ilə hərbi xidmət keçən döyüşçülərin aylıq minimum maaşı 2000 ABŞ dollarına bərabərdir. Müharibədə həlak olan əsgərlərin ailələrinə verilən 50 min dollarlıq təzminatla isə Rusiyanın bir sıra bölgələrində normal mənzil almaq olar. Dövlət televiziyasında təkrarlanan bir elanın timsalında da adamları orduya cəlb etmək işində maddi marağın nə qədər mühüm yer tutduğunu görmək mümkündür. Rok musiqisinin müşayiət etdiyi reklamda müharibə iştirakçılarının torpaq vergisindən azad olması, kommunal xidmətlərə görə kompensasiya alması, sanatoriyalara, kurortlara güzəştli şərtlərlə göndəriş hüququ əldə etməsi kimi imtiyazlardan bəhs edilir. Reklamda hərbi xidmət müqaviləsi bağlayanlara tam ədalətli yanaşma vəd olunur. “Nyu-York Tayms” qəzeti yazır ki, kişiləri kişi olmağa, yəni orduya qoşulub Ukrayna ilə döyüşməyə çağıran elanlar Rusiyada göz-qulağı yağır edib. Belə elanlar adi hala çevrilib, onlara Rusiyanın hər yerində rast gəlmək mümkündür. Hökumətin supermarket mühafizəçisindən tutmuş taksi sürücüsünə, idman zalında məşq edən gəncə qədər bütün kişilərə bir mesajı var: kişi deyilsən?! Bu sayaq elanlarda kişilərə vətəni qorumaq missiyalarının olduğu xatırladılır. Telekanalların xəbər buraxılışlarında əsgər peşəsinin ən cəsur, ən mərd peşə olduğunu aşılayan süjetlər yayımlanır. Rusiyanın “Birinci kanal”ında efirə gedən bir reportajda hücum dəstəsinin komandiri kimi təqdim edilən zabit belə deyir: “Burada özünüzü əsl kişi kimi hiss edə, layiqli gəlir qazana, bütün uşaqlıq arzularınızı həyata keçirə bilərsiniz”.
Rusiyanın TASS informasiya agentliyini Avropa Xəbər Agentlikləri Alyansından (EANA) çıxarmaq cəhdi baş tutmayıb. 2022-ci ilin fevralında Rusiya Ukraynada total müharibəyə başlayan kimi TASS-ın EANA-da üzvlüyü dondurulub. Qərar alyansda Polşanı təmsil edən informasiya agentliyinin təşəbbüsü ilə qəbul olunub. EANA Baş Assambleyasının 2023-cü il sentyabrın 14-ü Fransa paytaxtı Parisdə keçirilən illik toplantısında isə Ukrayna agentliyinin təşəbbüsü ilə TASS-ın alyansdan qovulması təklifi səsverməyə qoyulub. Təklif TASS-ın Rusiya hakimiyyətinin dezinformasiya kampaniyalarında açıq-aşkar iştirakı ilə əsaslandırılıb. Hər hansı qurumun EANA-dan çıxarılması üçün alyans üzvlərinin dördə üç hissəsindən çoxunun təklifi dəstəkləməsi lazımdır. Qurumda üzvlüyü dondurulmuş Rusiyanı saymasaq, EANA-nın 32 üzvü var. Paris toplantısında gizli səsvermə zamanı TASS-ın EANA-dan çıxarılması təklifini 14 agentlik dəstəkləyib. 11 agentlik təklifin əleyhinə səs verib, 4 agentlik bitərəf qalıb. Beləliklə, Rusiya agentliyinin Avropa ailəsindən qovulması təşəbbüsü baş tutmayıb. Yeni təklif həyata keçməsə də, köhnə qərar qüvvədədir, yəni TASS-ın EANA-da üzvlüyü dondurulmuş vəziyyətdə qalır.
Rusiya dövləti etnik azlıq nümayəndəsi olan 86 yaşlı Fətulla İsaqova 31,6 milyon rubl təzminat ödəməlidir. Fətulla İsaqov milliyyətcə başqırddır. Ona 31,6 milyon rubl məbləğində təzminat verilməsi qərarını Rusiyanın Başqırdıstan Respublikasında rayon məhkəməsi çıxarıb. Fətulla İsaqov 64 il əvvəl qanunsuz tutularaq işgəncələrə məruz qalması və mühakimə edilməsindən şikayətçi olaraq Rusiya Maliyyə Nazirliyindən 450 milyon rubl mənəvi zərər əvəzi tələb etmişdi. 1959-cu ildə tutulan Fətulla İsaqov qonşusunun evinə hücum çəkərək üç qadını baltalamaq cəhdində təqsirli bilinib, 13 il həbsdə yatıb. O vaxt Fətulla İsaqovun üzünə durmuş Nail Səidbatalov 2012-ci ildə prokurorluğa gedərək cinayəti özünün törətdiyini, Fətulla İsaqova şər atdığını etiraf edib. 2023-cü ildə Rusiya Ali Məhkəməsi Fətulla İsaqova bəraət verib. Fətulla İsaqov bəraət qərarından razı qalsa da, təzminat məbləğinin azlığından gileylidir və yuxarı məhkəməyə şikayət etmək niyyətindədir.
Sentyabrın 14-ü Sinqapurda yeni prezident Tarman Şanmuqaratnamın dövrü başlayıb. Tarman Şanmuqaratnam milliyyətcə tamildir. Tamillər 6 milyon nəfərə yaxın əhalisi olan Sinqapurda etnik azlıqdır. Ölkə əhalisinin 74,2 faizi çinli, 13,5 faizi malay, qalan hissəsi digər millətlərdəndir, onların da arasında tamillər üstündür. 1965-ci ildə müstəqillik əldə edəndən Sinqapur hökumətinə çinlilər başçılıq edir. Hazırkı baş nazir Li Syan Lun 20 ilə yaxındır bu vəzifəni tutur. “Bloomberg” agentliyi xəbər verir ki, Tarman Şanmuqaratnam prezident seçiləndən sonra mərkəzi ofisi Böyük Britaniyada yerləşən, internet məkanında ictimai rəyin öyrənilməsi üzrə ixtisaslaşmış “YouGov” şirkəti sinqapurlular arasında sorğu keçirib, əhalinin etnik azlıq nümayəndəsinin baş nazir postunu tutmasına razı olub-olmadığını öyrənib. Məlum olub ki, hər beş sinqapurludan üçü etnik azlıq nümayəndəsinin, xüsusilə malay, yaxud tamil millətindən olan şəxsin hökumət başına keçməsinə razıdır. Nüfuzlu sorğu şirkəti buna əsaslanaraq bəyan edib ki, Sinqapurda hökumətin, nəhayət, əslən çinli olmayan şəxsə həvalə olunmasına real imkan yaranıb. Xəbər “Bloomberg” agentliyində “İctimai rəy sorğusu göstərir ki, sinqapurluların əksəri etnik azlıq nümayəndəsini hökumət rəhbəri kimi qəbul etməyə hazırdır” başlığı altında dərc edilib.
BMT baş katibinin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə müavini, “BMT-Qadınlar” kimi tanınan qurumun icraçı direktoru Sima Sami Bahus deyib ki, dünyada qadınların 90 faizindən çoxu gender bərabərsizliyi hökm sürən ölkələrdə yaşayır. O bildirib ki, dünya qadınları öz potensialının yalnız 60 faizini reallaşdıra bilir. Qlobal İnsan İnkişafı İndeksində qadınlar 100 ballıq sistemdə 75 baldan aşağı bal toplamaqla kişilərdən geri qalır. Yoxsulluq məsələsində də gender fərqi yüksəkdir. Xüsusilə 25-34 yaş arası qadınlar arasında yoxsulluq kəskindir. Bütün bunlar dünyada qida təhlükəsizliyinə maneə törədir. Heç bir dövlətin qadınlara qarşı seksual zorakılığın qarşısını ala bilmədiyini vurğulayan Sima Sami Bahus deyib ki, bütün bu faktorlar həm həyəcan təbili, həm də dəyişikliklərə ciddi çağırış kimi qəbul olunmalıdır. “BMT-Qadınlar” qurumunun hesablamasına görə, dünyada gender fərqini aradan qaldırmaq üçün 360 milyard dollar maliyyəyə ehtiyac var. Sima Sami Bahus buna böyük vəsait kimi baxmır, hesab edir ki, gender bərabərsizliyinə son qoymaq üçün belə bir xərcə getməyə dəyər: “Gender bərabərliyi naminə 360 milyard dollar nədir ki… Bu məbləğ 2022-ci ildə dünyada hərbi əməliyyatlara xərclənmiş vəsaitin (2,2 trilyon dollar) beşdə birindən də az, dünyada hər il qəhvəyə xərclənən vəsaitin isə üçdə ikisi qədərdir”.