Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 27-də Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
AZƏRTAC qeyd edir ki, prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılıb. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Kompleks parkla əhatə olunacaq. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək.
Sentyabrın 27-si Azərbaycan torpaqlarının işğaldan qurtulması uğrunda həlak olmuş şəhidləri yad etmə günü – Anım Günüdür.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, Yuxarı Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Savaşda 2908 hərbi qulluqçu şəhid olub, 6 hərbi qulluqçu itkin düşüb.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya hərbçiləri yeridilib.
Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin nəzarətində qalıb.
Azərbaycanın 2021-2023-cü illərdəki lokal hərbi əməliyyatları ilə Ermənistan sərhədində və Yuxarı Qarabağda bəzi ərazilər nəzarətə götürülüb.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Yuxarı Qarabağda hərbi əməliyyata başlayıb, ertəsi gün işğalçı rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.