Nazirlər Kabineti valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını təsdiqləyib. Sənədə görə, Dövlət Gömrük Komitəsi valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar etdikdə bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir. Azərbaycan ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda da eyni addım atılmalıdır.
Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən formada bir çox məlumat, o cümlədən valyuta sərvətlərinin və milli valyutanın gətirildiyi ölkə; valyuta sərvətlərinin və milli valyutanın çıxarıldığı ölkə; valyuta sərvətlərinin və milli valyutanın gətirilmə və ya çıxarılma tarixi, valyuta sərvətlərinin növü, valyuta sərvətlərinin xarici valyutada məbləği və onun manatla ekvivalenti, habelə milli valyutanın məbləği əks etdirilməlidir:
Novator.az bildirir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər başa düşülür.
Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən publik hüquqi şəxsdir.