Sentyabrın 25-i Xocalı şəhərində Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü keçirilib. Prezident Administrasiyasının məlumatına görə, görüşdə qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi, sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətlərini azərbaycanlı və erməni tibb heyəti birgə təşkil etsin. Həmçinin birgə mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.
Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Birgə həkim briqadalarının formalaşdırılması, ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur. Erməni nümayəndələrlə əvvəlki görüş sentyabrın 21-i Yevlax şəhərində keçirilib, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya, infrastrukturun bərpası və fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq planlar təqdim edilib.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb. Sentyabrın 20-də ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürüb.