Prezident Administrasiyasının 24 sentyabr məlumatına görə, Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib, şəhərdə Azərbaycan işığı yanır.
Qeyd olunur ki, 2021-ci ildə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılıb, 2023-cü il sentyabrın 19-dan yarımstansiya yaxınlığında əlavə dayaqların quraşdırılması və Xankəndi xətti ilə əlaqələndirilməsi aparılıb, ötürücü və paylayıcı şəbəkə, mühafizə sistemləri təftiş olunduqdan sonra xəttə gərginlik verilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərb bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini ələ keçirib, Yuxarı Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçını (Laçın şəhəri və rayonun 6 kəndini çıxmaqla) Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin nəzarətində qalıb.
2021-2023-cü illərdə Azərbaycanın lokal hərbi əməliyyatları nəticəsində Ermənistanla sərhəddə və Yuxarı Qarabağda bəzi ərazilər nəzarətə götürülüb.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Yuxarı Qarabağda hərbi əməliyyata başlayıb, ertəsi gün işğalçı rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.