Sentyabrın 22-də 100 Türkiyə lirəsinin rəsmi məzənnəsi 6 manat 27 qəpiyə enib. Bu, ilin siftəsinə nəzərən 2 manat 80 qəpik aşağı qiymətdir.
Novator.az bildirir ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin ilk iş günündə 100 lirəni 9 manat 7 qəpiyə təklif edib, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 manat 86 qəpik, may 8 manat 74 qəpik, iyun 8 manat 19 qəpik, iyul 6 manat 53 qəpik, avqust 6 manat 31 qəpik, sentyabr 6 manat 36 qəpiklə start götürüb.
2021-2022-ci illərdə 100 lirənin rəsmi məzənnəsi 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Sentyabrın 21-də Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) 30 faizə qaldırıb.
İyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlmiş, iyulun 20-dən 17,5 faiz həddi, avqustun 24-dən 25 faiz həddi qüvvəyə minmişdi.
Qərarlar Türkiyə lirəsinin dəyər itirməsini dayandırmağa yönəlib. Hazırda ABŞ dollarının rəsmi qiyməti 27,05 lirəni ötür.