BMT Təhlükəsizlik Şurasının 21 sentyabr iclasında Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki durum müzakirə olunub.
Bölgədəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin nəzarətindədir. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə hərbi əməliyyata başlayıb, ertəsi gün ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürüb.
21 sentyabr iclasında bəzi çıxışçılar, o cümlədən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı təcavüzdə ittiham edib. Xarici işlər naziri Ceyhun Bayramov çıxışında qeyd edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın öz suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır və BMT nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə qarışmamaqla bağlı tələblərinin açıq formada pozulmasıdır: “Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməz, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir. Bu həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Ərazidə antiterror tədbirləri dayandırılıb və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin reinteqrasiyasına imkan yaranıb. Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə Yevlax şəhərində keçirilmiş görüşündə reinteqrasiya planlarının xülasəsi təqdim edilib, infrastrukturların bərpası və işləməsi məsələləri müzakirə olunub. Uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə icra olunması gözlənir. Belə bir dialoq Azərbaycanın suveren ərazisində qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı.
Ermənistanın Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi təqdim etməyə çalışdığı məsələ əslində Azərbaycanın öz suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək hüquqları ilə tam uyğun olan antiterror tədbirləridir. Ermənistan özü beynəlxalq öhdəliklərinə nümayişkaranə şəkildə əməl etməməklə Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz edib. Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul etməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət edib. Antiterror tədbirləri məhdud, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinə və rifahına qarşı mövcud təhdidə mütənasib şəkildə həyata keçirilib, legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlib.
Əməliyyatın başladığı andan Azərbaycan beynəlxalq tərəfdaşlar ilə təmaslarda ardıcıl şəkildə Ermənistan və onun tabeliyində olan qondarma rejimin silahları yerə qoymağa və qanunsuz strukturlarını buraxmağa razılaşdığı anda antiterror tədbirlərinin dərhal dayandırılacağını bildirib. Rusiya sülhməramlı kontingentinin komandanlığı vasitəsilə şərtlərin qəbulu təsdiqləndikdən sonra antiterror tədbirləri dayandırıldı. Ermənistanın yerli erməni sakinlərlə birgə yaratdığı, təlim keçdiyi və təchiz etdiyi qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə yanaşı Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı razılıq əldə olunub”.
193 ölkəni bir araya gətirən BMT-nin mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul Təhlükəsizlik Şurasının 15 üzvü var. 5 daimi üzv – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya qərarlara veto qoya bilir. Qurumun 10 üzvü iki il müddətinə seçilir. Hazırda qeyri-daimi üzvlər sırasında Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Braziliya, Ekvador, Albaniya, İsveçrə və Malta yer alır.