Prezident Administrasiyası Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirdiyi görüşün nəticələrini bəyan edib. Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, sentyabrın 21-i Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturun bərpası və fəaliyyətinin təşkili məsələləri müzakirə olunub: “Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya üzrə planları təqdim edib. Azərbaycanın Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Erməni sakinlərin nümayəndələri (Sergey Martirosyan və David Melkumyan) sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”.