
Sentyabrın 21-də Azərbaycan və Rusiya prezidentləri telefonla danışıblar. Rəsmi məlumata görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə 20 sentyabr olayı ilə bağlı başsağlığı verib.
Sentyabrın 20-si keçmiş Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında Rusiya sülhməramlı kontingentinə məxsus “UAZ Patriot” avtomobili atəşə tutulub, hərbi qulluqçular həlak olub.
21 sentyabr söhbətində İlham Əliyev hərtərəfli təhqiqat aparıldığını vurğulayıb, günahkarların cəzalandırılacığını vəd edib, Azərbaycan dövlətinin həlak olanların ailələrinə maddi dəstək verməyə hazır olduğunu deyib.
Əsas müzakirə mövzusu Qarabağdakı durum olub, Vladimir Putin erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin əlində qalır. Həmin ərazilərə Rusiya hərbçiləri nəzarət edir.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda hərbi əməliyyata başlayıb. Sentyabrın 20-də ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürüb.