Novator.az Qarabağ münaqişəsinin qısa tarixçəsini təqdim edir.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları) Ermənistana verilməsi tələbli separatçı hərəkat, təcavüz başlayır.
1989-cu ilin yanvarında Dağlıq Qarabağ birbaşa Moskvaya bağlanır, Xüsusi İdarəetmə Komitəsi yaradılır. Noyabrda Xüsusi İdarəetmə Komitəsi ləğv edilir, dekabrın 1-də Ermənistan parlamentinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında vilayətin Ermənistana birləşdirlməsi qərarı çıxarılır.
1990-cı ilin yanvarından Dağlıq Qarabağ Bakının yaratdığı Respublika Təşkilat Komitəsi vasitəsilə idarə olunur.
1991-ci ilin avqustunda sovet imperiyasının dağılması sürətlənir, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunur. Sentyabrda Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun (Goranboy rayonunun tərkib hissəsi) ərazisində elan olunur. Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır.
Noyabrda Azərbaycan parlamenti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə qərar verir. Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adı alır, Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, Əsgəranın ərazisi Xocalı rayonuna, Hadrutun ərazisi Xocavənd rayonuna verilir.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilir.
Mayın 8-9-da Şuşa şəhəri, sonrakı günlər rayonun qalan ərazisi işğal olunur.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.
İyunda keçmiş Şaumyan kənd rayonu erməni işğalından azad edilir.
İyulda Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur.
Avqustda parlamentin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçir. Oktyabrda Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.
1993-cü ilin fevralından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edirlər.
İyulda Ağdam şəhəri və rayonun böyük hissəsi, avqustda Füzuli, Cəbrayıl rayonları, Laçının Qubadlıya yaxın kəndləri, Qubadlı rayonu, oktyabrda Zəngilan rayonu işğal edilir.
1994-cü ilin yanvarında Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzulinin 22 kəndi və 1 qəsəbəsi, Cəbrayılın 1 kəndi azad edilir.
Həmin il mayın 12-də atəşkəs əldə olunur.
Savaş vaxtı Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğal altına düşür.
2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunur.
Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayır, hərbi əməliyyatlar dayandırılır.
Bunun ardınca Dağ Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilir.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarır.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin, Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbçilərinin nəzarətində qalır.
2022-ci ilin martında Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini, avqustun əvvəlində Şuşa-Laçın yolu ətrafındakı bir çox yüksəkliyi nəzarətə götürür. Avqustda Laçın rayonu tam azad edilir.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürür, Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
2023-cü ilin martında Azərbaycan Ordusu Şuşanın Allahqulular və Zamanpəyəsi kəndlərini nəzarətə götürür.
Apreldə Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulur.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Dağ Qarabağda hərbi əməliyyata başlayır.
Sentyabrın 20-də ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürür…