Sentyabrın 19-u Qarabağda iki mina partlayışı 6 nəfərin həyatına son qoyub.
Birinci hadisə səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük maşınının minaya düşməsi nəticəsində iki işçi – 1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olub.
İkinci hadisə bundan yarım saat sonra – Daxili İşlər Nazirliyinin əməkdaşları Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin həlak olduğu yerə gedərkən baş verib. Saat 04:30 radələrində nazirlik əməkdaşlarının olduğu “KamAZ” maşını Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa edilən tunel yolunda, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə minaya düşüb. Nəticədə 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər həlak olub.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin yaydığı birgə məlumatda hər iki hadisə qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun əməli, terror aktı kimi qiymətləndirilib.
Dövlət Təhlükəsizliyi Xidməti cinayət işləri başlayıb, istintaq gedir.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini (indiki Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu) özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci ildə Azərbaycanın apardığı müharibə nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin əlində qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.