Sentyabrın 19-da Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Qarabağda təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ölkə ərazisindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıb: “Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”.
Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb: “Qarabağ bölgəsinin erməni sakinlərinə mobil SMS xidməti vasitəsilə məlumat göndərilib, əhali səsgücləndirici texniki vasitələrlə xəbərdar edilir və məlumat vərəqələri paylanır. Təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.
Sentyabrın 19-u axşam yayılan ilkin hesabata görə, antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçirib, eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Müdafiə Nazirliyi Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırıb, bu halda antiterror tədbirlərinin dayandırılacağını bəyan edib.
Prezident Administrasiyası isə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa görüşə çağırıb.
Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur. 2023-cü il martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Martda Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini iki dəfə Bakıda görüşə dəvət edib, işğalçı rejim buna razılıq verməyib.
Avqustda Yevlaxda görüşün keçirilməsi barədə razılıq əldə olunub, ancaq işğalçı rejim razılıqdan boyun qaçırıb.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini (indiki Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu) özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci ildə Azərbaycanın apardığı müharibə nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin əlində qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.