Rusiyanın TASS informasiya agentliyini Avropa Xəbər Agentlikləri Alyansından (EANA) çıxarmaq cəhdi baş tutmayıb.
Əsası 1904-cü ildə qoyulan TASS Rusiyanın mərkəzi dövlət informasiya agentliyi, dünyanın ən iri media qurumlarından biridir.
1956-cı ildə təsis olunmuş EANA öz sıralarında “Frans Press” (Fransa), “Press Associated” (Böyük Britaniya), “Anadolu” (Türkiyə), APA (Avstriya), DPA (Almaniya), EFE (İspaniya), PAP (Polşa), “Ukrinform” (Ukrayna), AZƏRTAC (Azərbaycan) agentliklərini və başqa media quruluşlarını birləşdirir.
2022-ci ilin fevralında Rusiya Ukraynada total müharibəyə başlayan kimi TASS-ın EANA-da üzvlüyü dondurulub. Qərar alyansda Polşanı təmsil edən informasiya agentliyinin təşəbbüsü ilə qəbul olunub.
EANA Baş Assambleyasının 2023-cü il sentyabrın 14-ü Fransa paytaxtı Parisdə keçirilən illik toplantısında isə Ukrayna agentliyinin təşəbbüsü ilə TASS-ın alyansdan qovulması təklifi səsverməyə qoyulub. Təklif TASS-ın Rusiya hakimiyyətinin dezinformasiya kampaniyalarında açıq-aşkar iştirakı ilə əsaslandırılıb.
Hər hansı qurumun EANA-dan çıxarılması üçün alyans üzvlərinin dördə üç hissəsindən çoxunun təklifi dəstəkləməsi lazımdır. Qurumda üzvlüyü dondurulmuş Rusiyanı saymasaq, EANA-nın 32 üzvü var.
Novator.az-ın məlumatına görə, Paris toplantısında gizli səsvermə zamanı TASS-ın EANA-dan çıxarılması təklifini 14 agentlik dəstəkləyib. 11 agentlik təklifin əleyhinə səs verib, 4 agentlik bitərəf qalıb. Beləliklə, Rusiya agentliyinin Avropa ailəsindən qovulması təşəbbüsü baş tutmayıb.
Yeni təklif həyata keçməsə də, köhnə qərar qüvvədədir, yəni TASS-ın EANA-da üzvlüyü dondurulmuş vəziyyətdə qalır.
Baş Assambleyadakı səsvermədən əvvəl çıxış edən “Ukrinform” rəhbəri Aleksandr Xarçenko deyib ki, il yarımdan artıqdır Ukraynada qanlı savaş aparan Rusiya öz ərazisində azad medianın kökünü kəsib, qalan medianı isə təbliğat və dezinformasiya alətinə çevirib.
2022-ci il fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayanda TASS-ın baş direktoru Sergey Mixaylov olub. Başçılıq etdiyi qurumun Ukraynadakı vəziyyətlə bağlı yaydığı yalan məlumatlara görə Sergey Mixaylov Avropa İttifaqının, ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
2023-cü ilin iyulundan TASS-a Andrey Kondraşov rəhbərlik edir. Bu vəzifəyə təyin edilənədək Rusiya Televiziya və Radio Yayımları Şirkətinin direktor müavini olmuş Andrey Kondraşov Kremlin dezinformasiya kampaniyalarında fəal iştirakına görə Avropa İttifaqının sanksiyası altındadır. Andrey Kondraşov həmçinin Kanada hökumətinin “Rusiyanın dezinformasiya agentləri” siyahısındadır. Adı həmin siyahıda olanlar avtomatik Kanadanın sanksiyası altına düşür.
Mənbə: Thefirstnews.com