Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti sentyabrın 14-də Azərbaycan qətnaməsi qəbul edib. Sənəddə iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsi pislənib, onun, başqa siyasi məhbusların dərhal azadlığa buraxılması, Azərbaycanda demokratik qüvvələrə basqıların dayandırılması tələb olunub. 539 nəfərin dəstəklədiyi qətnamədə Qubad İbadoğluya cinayət ittihamlarının qurama və siyasi motivli olduğu vurğulanıb, insan hüquqlarını pozan rəsmi şəxslərə sanksiya tətbiqi istənib. Qeyd olunub ki, Azərbaycanda bütün siyasi məhbuslar azadlığa çıxmayana qədər Avropa İttifaqının ölkə ilə strateji tərəfdaşlıq sazişi imzalamasına yol verilməməlidir.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Avropa Parlamentinin 14 sentyabr qətnaməsi dünyanın həqiqətən də dəyişməyə başladığının anonsu sayıla bilər: “Qətnamə şərlənərək həbs olunmuş Qubad İbadoğlunun qeyd-şərtsiz azadlığa buraxılması, onun hüquqlarının təmin edilməsi tələbi qoyur.
Avropa Parlamenti Azərbaycan hakimiyyətindən ölkədəki repressiyaların bütövlükdə durdurulmasını tələb edir. Azərbaycanda 200 nəfərdən artıq siyasi dustağın olduğu vurğulanan qətnamədə məhbus jurnalistlərin, müxalifətçilərin, ictimai fəalların azad edilməsi, onlara qarşı ittihamların ləğvi və repressiya siyasətinin tam dayandırılması tələbləri yer alır.
Avropa Parlamenti Azərbaycan hakimiyyətindən sərbəst toplaşma və ifadə azadlığının, bütövlükdə hüquq və azadlıqların təmin olunmasını, vətəndaşlar üçün azad və təhlükəsiz mühit tələb edir. Sadəcə tələb etmir, həm də Avropa Komissiyasını insan hüquqlarını kobudcasına pozan azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etməyə çağırır. Tövsiyə edir ki, Azərbaycanda 200 nəfərdən artıq siyasi məhbusun hamısı azad edilmədən ölkəmizlə hər hansı saziş imzalanmasın.
Avropa Parlamenti qətnamədə Azərbaycan hakimiyyətinə qarşı əvvəllər istifadə etmədiyi çox sərt dildən istifadə edib. Bu, beynəlxalq ictimaiyyətin səbir kasasının daşdığının göstəricisidir. Həm də qətnamə çox yüksək səs çoxluğu ilə qəbul olunub. Yəni qətnamə hansısa bir neçə dövlətin, bir neçə siyasi qrupun deyil, bütövlükdə birləşmiş Avropanın mövqeyini ifadə edir. Azərbaycan hakimiyyətinin repressiv, orta əsrlərə xas siyasəti biz azərbaycanlıları yorduğu kimi Avropa ictimaiyyətini də bezdirib”.
Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Avropa Parlamenti Fransanın Strasburq şəhərində qərar tutur.
Azərbaycan Avropa İttifaqının 2009-cu ildə elan olunan Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.