Sentyabrın 14-ü Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının 5-ci məşvərət görüşü keçirilir. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev görüşə fəxri qonaq qismində qatılıb.
Sammitdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqların çoxəsrlik qardaşlıq münasibətləri bağlayır: “Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.
Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinin keçirilməsi təşəbbüsünü 2017-ci ildə Özbəkistan prezidenti Şövkət Mirziyayev tərəfindən irəli sürülüb. Birinci görüşə Qazaxıstan, ikinci görüşə Özbəkistan, üçüncü görüşə Türkmənistan, dördüncü görüşə Qırğızıstan ev sahibliyi edib.