Sentyabrın 12-si Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda danışan Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. O, Rusiyanın vaxtilə təklif etdiyi sülh planında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, həmçinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın nəzarətində qalmasının nəzərdə tutulduğunu deyib.
Novator.az bildirir ki, Rusiya prezidenti əslində Madrid prinsipləri adlı təklifləri xatırladıb.
2007-ci il noyabrın 29-da ATƏT-in Minsk qrupu həmsədrləri Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını, bölgənin yekun statusunun yerli səsvermə ilə müəyyənləşməsini nəzərdə tutub.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (indiki Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu) Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. Hərbi əməliyyatlar dövründə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal ediblər.
1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədə olub.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il qərarı Minsk şəhərində Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasını nəzərdə tutub. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunub.
Madrid prinsipləri əsasında sülh sazişi imzalansa, ilk növbədə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları boşaldılacaq, həmin rayonlar bölgəyə sülhməramlı kontingent yerləşdiriləndən sonra Azərbaycana təhvil veriləcək, Azərbaycan azad olunmuş ərazilərə hərbi qüvvələr yeritməmək öhdəliyi götürəcəkdi.
Madrid prinsiplərində Kəlbəcərdən erməni silahlı qüvvələrinin ilk mərhələdə qismən çıxarılacağı, rayonun bir müddət beynəlxalq nəzarətdə olacağı, azərbaycanlı əhalinin ora sülh sazişi qüvvəyə minəndən 5 il sonra qayıda biləcəyi vurğulanırdı.
Münaqişə Madrid prinsipləri ilə həll olunsa, Laçın rayonunun bir hissəsi Dağlıq Qarabağı Ermənistanla birləşdirən müəyyən ərazi kimi ayrılacaq, Dağlıq Qarabağın yekun statusu müəyyənləşənə qədər həmin ərazi Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində qalacaq, aralıq dövrdə Dağlıq Qarabağ özünə aid məsələlərin həlli ilə bağlı xarici əlaqələr qurmaqda sərbəst olacaq, o cümlədən beynəlxalq təşkilatların işində iştirak edə biləcəkdi.
Madrid sənədinə əsasən, Dağlıq Qarabağın yekun statusu yerli səsvermə ilə həll olunmalı idi. Səsverməyə 1988-ci ildəki say nisbətində Dağlıq Qarabağ sakinlərinin qatılması nəzərdə tutulmuşdu.
1979-cu ildə keçirilmiş siyahıyaalmaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 123 min nəfərdən çox erməni, 38 minə yaxın azərbaycanlı yaşayıb.
Rəy sorğusuna çıxarılacaq sualın məzmununa məhdudiyyət qoyulmayacaqdı, yəni Dağlıq Qarabağın müstəqil dövlət olması və ya Ermənistana birləşdirilməsi variantları da sorğuya salına bilərdi.
Madrid prinsipləri həyata keçməmiş qaldı.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olundu.
Noyabrın 10-na keçən gecə hərbi əməliyyatlar dayandırıldı, Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya hərbçiləri yerləşdirildi.
Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarıldı.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edildi.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin əlində qalır…