Dünya mediasından
- 12 Sentyabr 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Sentyabrın 1-dən Rusiyanın orta məktəblərində tarix fənninin yeni dərsliklərlə tədrisinə başlanıb. Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalı həmin dərsliklərin məzmununa nəzər salıb. Kanalın internet səhifəsində yerləşdirilmiş şərhdə deyilir ki, Rusiyada 10-11-ci siniflər üçün tarix dərslikləri Kremlin siyasi konyunkturasına tam uyğunlaşdırılıb: “Rusiyada tarix dərslikləri ilk dəfə deyil yenidən yazılır. Dərsliklərə buna qədər də 2014-cü ildə Ukraynadan ilhaq olunmuş Krım bölgəsi, Rusiyanın məruz qaldığı beynəlxalq sanksiyalar haqda yalanlar əlavə edilmişdi. İndi 10-11-ci siniflərin tarix dərsliklərində bu tezislər daha da gücləndirilib, üstəlik, həmin dərsliklərə Rusiyanın 2022-ci ildən Ukraynada başlatdığı, Kremlin rəsmən xüsusi hərbi əməliyyat adlandırdığı müharibə barəsində uydurmalar əlavə olunub. 10-11-ci siniflərin tarix dərsliklərində sovet dövrünün 1970-1990-cı illərini əhatə edən bölmələr də yenidən işlənib. Müəlliflərin söykəndiyi başlıca tezislər bunlardır: Qərb Rusiyada sabitliyi pozmağa cəhd göstərir, bütün dünya Rusiyaya, ruslara düşmən kəsilib. Müəlliflər çağdaş tarixi hadisələrə, o cümlədən Rusiyanın Ukraynaya hərbi təcavüzünə ilk növbədə bu tezislərlə haqq qazandırmağa çalışıblar. Dərsliklərdə Qərbin Rusiyanı 2003-cü ilədək Balkan yarımadasında mövcud olmuş Yuqoslaviya dövləti kimi parçalamaq istədiyi, planın NATO-da hazırlandığı bildirilir”. “Doyçe Velle” kanalının şərhində dərsliklərin dilinə də toxunulur. Bildirilir ki, bu dərsliklərin dili standart təhsil dilindən çox fərqlənir: “Dərsliklər elmi dildə deyil, duyğuların, hisslərin dilində, sanki ajiotaj, təşviş içində yazılıb. 10-11-ci siniflərin yeni tarix dərsliklərində “Rusiya”, “Rusiya vətəndaşları”, “ruslar” əvəzinə daha çox “biz”, “ölkəmiz” ifadələrindən istifadə edilib. Müəlliflər faktları bir kənara qoyub orta məktəb şagirdlərinə “Şansınızı qaçırmayın. Bu gün Rusiya həqiqətən fürsətlər ölkəsidir” deyə çağırış edirmiş kimi davranıblar”.
Rusiya Ukraynadan oğurladığı uşaqların 2 mindən çoxunu dəmiryolu ilə Belarusa daşıyıb. “Wall Street Journal” qəzeti yazır ki, ukraynalı uşaqların Belarusa daşınmasını “Belaruskali” maliyyələşdirib. Uşaqlar ayrı-ayrı vaxtlarda qrup şəklində əvvəlcə qatarla Belarusun paytaxtı Minskə, oradan isə “Şaxtyor” (Soliqorsk) futbol klubuna aid avtobuslarla ölkənin cənubundakı yay düşərgəsinə aparılıb. 2022-ci ilin yazından bəri ukraynalı uşaqlardan ibarət yeddi qrup Belarusun cənubundakı Dubrava uşaq düşərgəsinə gətirilib. Hər qrupda 300-dən çox uşaq olub. Onların daşınmasına, düşərgələrdə saxlanmasına milyonlarla dollar xərclənib. Düşərgədə ukraynalı uşaqlara silahdan istifadə qaydaları öyrədilir. Şəkillərdən uşaqların pravoslav keşişləri ilə görüşdüyü, Rusiya prezidenti Vladimir Putini tərifləyən tamaşalara baxdığı da bəlli olur. 2022-ci ilin oktyabr ayında çəkilən və sosial mediada yerləşdirilən bir videodan görünür ki, iki qadın kiçik teatr binasına yığışmış bir qrup uşağı Vladimir Putini tərifləməklə, ABŞ prezidenti Cozef Baydenə və Ukrayna prezidenti Vladimir Zelenskiyə isə ölüm arzulamaqla əyləndirir. Qadınlardan biri əlində mikrofon səhnənin işıqları və uşaqların alqış sədaları altında “Qoy Putin udsun, bütün Ukrayna onun nəzarəti altına keçsin” deyir. Milli Böhran İdarəetmə Qrupu düşərgə rəsmilərindən əldə etdiyi məlumatlardan yararlanmaqla həmin videodakı uşaqların kimliyini müəyyənləşdirə, onların ukraynalı olduğunu öyrənə bilib. Video Ukraynadakı uşaq evlərinin işçilərinə də göstərilib. Aydın olub ki, həmin uşaqların bəzisi oğurlanana qədər Ukraynada uşaq evlərində saxlanan kimsəsizlərdir. “Wall Street Journal” vurğulayır ki, kimsəsiz uşaqların Ukrayna hökumətinin rəsmi icazəsi olmadan ölkədən çıxarılması beynəlxalq hüquqa zidd, hərbi cinayətdir.
Populyar sosial şəbəkələr Rusiya dezinformasiyası ilə mübarizədən üzüqara çıxıb. “Forbes” jurnalının bu mövzuda yazısında Avropa Komissiyasının (Avropa İttifaqının icra qurumu) yaydığı hesabata istinad olunur. Vətəndaş cəmiyyəti qruplarının araşdırmaları əsasında hazırlanan hesabatda qeyd olunur ki, 2023-cü ilin birinci yarısında “Facebook”, “İnstagram”, “YouTube”, “X” (keçmiş “Tvitter”), “TikTok” sosial şəbəkələrində Rusiya hakimiyyətinin təşkil etdiyi dezinformasiyalar daha da artıb. Dünyanın əsas sosial şəbəkələrində Kremlyönlü hesabların abunəçilərinin sayı 165 milyondur. Rusiyanın Ukraynada total müharibəyə başladığı 2022-ci ilin fevralından bəri bu sayaq hesablarda yayılan materiallara baxış sayı 16 milyarda çatıb. “Meta” şirkətinə məxsus “Facebook” və “İnstagram” şəbəkələrində Kremlyönlü hesablar hələ də geniş auditoriyanı əhatə edir. Başqa sosial şəbəkələrdə vəziyyət daha acınacaqlıdır. 2022-ci ilin fevralından Kremlyönlü hesablara abunə olanların sayı “Telegram” platformasında üç dəfədən, “TikTok”da iki dəfədən çox, “YouTube” kanalında 90 faizə qədər artıb. “X” (keçmiş “Tvitter”) şəbəkəsində isə Rusiya hakimiyyətinin yaydığı uydurmalar sözün əsl mənasında tüğyan edir. Vur-tut bir neçə ay ərzində “X” şəbəkəsində Rusiya dezinformasiyalarının auditoriyası 40 faizə qədər artıb.
İşə qəbul zamanı etnik azlıqlara münasibətdə ayrı-seçkiliyə yol verilirmi? London Kral Kollecinin (Böyük Britaniya) mədəniyyətlərarası menecment kafedrasının baş müəllimi Mladlen Adamoviç və Monaş Universitetinin (Avstraliya) iqtisadiyyat üzrə professoru Anderas Leybbrandt suala cavab tapmaq üçün eksperiment keçiriblər. Alimlər Avstraliyada 4 mindən çox iş elanını götürüb həmin yerlərə 12 mindən çox ərizə ilə müraciət ediblər. Ərizələr yalançı namizədlər adından təqdim olunub. Alimlər uydurduqları namizədlər üçün mahiyyətcə eyni tərcümeyi-hal hazırlayıblar, amma boş iş yerlərinə müraciətləri ayrı-ayrı etnik qrupların (ərəblər, aborigenlər, çinlilər, ingilislər, yunanlar və hindistanlılar) nümayəndələri adından göndəriblər. Rəhbər vəzifələri tutmaq üçün göndərilən müraciətlərdən ingilis adı altında olanların 26,8 faizinə müsbət cavab gəlib. “İngilis olmayan” namizədlərin isə yalnız 11,3 faizinin müraciətinə müsbət cavab verilib. Aşağı vəzifələrə tutmaq üçün ingilis kimi müraciət etmiş ərizəçilərin 21,2 faizi, başqa etnik qrupların nümayəndəsi kimi müraciət etmiş namizədlərin isə 11,3 faizi müsbət cavab alıb. Alimlər vurğulayırlar ki, bu rəqəmlər işəgötürənlərin ingilis namizədlərə üstünlük verdiyini, söhbət rəhbər vəzifədən getdikdə isə ayrı-seçkiliyi artırıb başqa millətlərin nümayəndələri ilə müqayisədə ingilisə daha potensial lider kimi baxdığını təsdiqləyir.
“Financial Times” qəzetində “İnflyasiya qadınları kişilərdən daha çox narahat edir?” başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanır ki, 2015-ci ildə iqtisadçılar Françesko Dakunto, Ulrike Malmendye və Maykl Veber ABŞ-ın Çikaqo ştatının 18 min sakini arasında rəy sorğusu keçirib. Sorğu zamanı respondentlərin inflyasiya gözləntisi araşdırılıb. Qadınların gələcəkdə 5,1, kişilərin isə 4,6 faizlik inflyasiya proqnozlaşdırdığı üzə çıxıb. Qadınlar öz proqnozlarını daha çox ərzaq qiymətləri üzərində qurublar. Onlardan ən çox hansı ərzağın qiymətinə fikir verdiklərini soruşanda ilk növbədə südün adını çəkiblər. Ərzaq alış-verişinə qadınlarla bərabər gedən kişilərin inflyasiya proqnozu qadınların proqnozuna yaxın olub. Alış-verişə ara-sıra gedən kişilərin inflyasiya gözləntisini benzinin qiyməti üzərində qurduğu aydınlaşıb. “Financial Times” qeyd edir ki, sorğunun keçirildiyi 2015-ci ildə ABŞ-da inflyasiya 2 faizdən də aşağı olub. Gözləntilərin real inflyasiya səviyyəsindən iki dəfədən də çox olması təəccüblü bir məqam kimi vurğulanır. Məqalədə xatırladılır ki, iqtisadi nəzəriyyədə istehlakçıların inflyasiya gözləntisinin qiymətlərə təsir göstərdiyi bildirilir. Deməli, mərkəzi bankların qiymət artımını nəzarət altına almağa çalışdığı indiki dövrdə istehlakçıların inflyasiyaya münasibətdə nə düşündüyünü, nə proqnozlaşdırdığını bilmək çox vacibdir. Amma “Financial Times” adamların bu mövzuda səmimi şəkildə nə fikirləşdiyini bilməyin, gerçək ictimai rəyi üzə çıxarmağın çətin olduğuna diqqət çəkir.