Çinin yalan şəbəkəsi ifşa olunub – CNBC
- 12 Sentyabr 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetXəbər
ABŞ-ın “Meta” şirkətinin “Facebook” və “İnstagram” platformalarında Çinin iri dezinformasiya şəbəkəsi dağıdılıb. Novator.az saytı ABŞ-ın CNBC kanalına istinadla xəbər verir ki, minlərlə hesabdan, yüzlərlə səhifədən ibarət şəbəkənin əsas məqsədi Çin kommunist rejiminin müsbət imicini formalaşdırmaq, ABŞ-ın imicini korlamaq, Qərbin nüfuzlu jurnalistlərini, ictimai-siyasi fəallarını gözdən salmaq olub.
“Meta” öz platformalarında bu şəbəkəni sıradan çıxardığını bəyan edib. Şirkət dünyanın ən böyük dezinformasiya qruplaşması adlandırdığı şəbəkənin arxasında Çinin hüquq mühafizə orqanlarının dayandığını vurğulayıb.
Dezinformasiya qruplaşması ilə mübarizə çərçivəsində 7700-dən çox hesab, 900-dən çox səhifə “Facebook”dan silinib.
“Meta”nın açıqlamasına görə, dezinformasiya şəbəkəsi kommunist rejiminin müsbət imicini formalaşdırmaq üçün xüsusilə Çinin müsəlman uyğur icması haqda saxta məlumatları beyinlərə yeritməyə, Sincan Uyğur Muxtar Rayonunun uydurma mənzərəsini yaratmağa çalışıb. Halbuki Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bu bölgədə kommunist rejimi illərdir soyqırımı siyasəti yürüdür. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Bir çox ölkədə, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland və Belçikada uyğurlara qarşı cinayətlər soyqırımı və ya soyqırımına cəhd kimi tanınır. Uyğurlarla repressiv davranışına görə beynəlxalq birlik Çinə bəzi sanksiyalar da tətbiq edib.
“Meta”nın məlumatına əsasən, Çin şəbəkəsi Amerikanın sosial media platformalarda koronavirus infeksiyasının mənşəyi haqda da dezinformasiyalar yaymaqla məşğul olub.
“Meta” bəyan edib ki, bu şəbəkə təkcə “Facebook” və “İnstagram”a deyil, “YouTube”, “X” (keçmiş “Twitter”), “Medium”, “Reddit”, “Tumbler” platformalarına, yəni faktiki populyar sosial mediaların əksərinə soxulub.
Mənbə: CNBC.com