2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 96,4 milyon manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 1,1 faiz azalma, qeyri-neft/qaz sektorunda 2,6 faiz artım qeydə alınıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 7895 manat göstərilir.
Statistikaya əsasən, səkkiz ayda sosial-iqtisadi sahələrə 10 milyard 864,8 milyon manat məbləğində, 2022-ci ilin yanvar-avqust aylarına nəzərən 15,4 faiz çox sərmayə yönəldilib.
Qeyd olunur ki, müəssisələr və fərdi sahibkarlar yanvar-avqust aylarında 45,1 milyard manatlıq, 2022-ci ilin səkkiz ayı ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalıb, qeyri-neft/qaz sektorunda 6 faiz artıb: “Avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub.
Yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının payına düşüb”.
Hesabata görə, yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 190 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal rəsmiləşib, 2022-ci ilin yeddi ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə 1,4 faiz artıb.
İdxalın real ifadədə 8 faiz artdığı, ixracın 0,7 faiz azaldığı vurğulanır.