Populyar sosial şəbəkələrə nəzarət edən texnologiya şirkətləri Rusiya dezinformasiyası ilə mübarizədən üzüqara çıxıb. Novator.az-ın məlumatına görə, “Forbes” jurnalının bu mövzuda yazısında Avropa Komissiyasının (Avropa İttifaqının icra qurumu) yaydığı hesabata istinad olunur.
Vətəndaş cəmiyyəti qruplarının araşdırmaları əsasında hazırlanan hesabatda qeyd olunur ki, 2023-cü ilin birinci yarısında “Facebook”, “İnstagram”, “YouTube”, “X” (keçmiş “Tvitter”), “TikTok” sosial şəbəkələrində Rusiya hakimiyyətinin təşkil etdiyi dezinformasiyalar daha da artıb: “Dünyanın əsas sosial şəbəkələrində Kremlyönlü hesabların abunəçilərinin sayı 165 milyondur. Rusiyanın Ukraynada total müharibəyə başladığı 2022-ci ilin fevralından bəri bu sayaq hesablarda yayılan materiallara baxış sayı 16 milyarda çatıb.
“Meta” şirkətinə məxsus “Facebook” və “İnstagram” şəbəkələrində Kremlyönlü hesablar hələ də geniş auditoriyanı əhatə edir. Başqa sosial şəbəkələrdə vəziyyət daha acınacaqlıdır. 2022-ci ilin fevralından Kremlyönlü hesablara abunə olanların sayı “Telegram” platformasında üç dəfədən, “TikTok”da iki dəfədən çox, “YouTube” kanalında 90 faizə qədər artıb”.
2022-ci ilin sonlarında amerikalı milyarder İlon Maskın “Tvitter” şəbəkəsini satın aldığını, 2023-cü ilin yazından bu şəbəkədə moderasiya qaydalarının dəyişdirildiyini xatırladan “Forbes” jurnalı yazır ki, yenilik Kremlin xeyrinə işləyib. Qeyd olunur ki, əvvəllər “Tvitter” dövlət nəzarətindəki media qurumlarını, informasiya agentliklərini xüsusi işarə ilə seçdirir, istifadəçiyə işarə verirdi: “Həm də “Tvitter” belə qurumların, agentliklərin yerləşdirdiyi materialların istifadəçilərə avtomatik ötürülməsinə məhdudiyyət qoyurdu. 2023-cü ilin yazından “Tvitter” bunların heç birini etmir. Avropa Komissiyasının hesabatında göstərilir ki, bütün bunlar İlon Maskın adını dəyişdirib “X” qoyduğu sosial şəbəkədə Rusiya hakimiyyətinin yaydığı uydurmaların sözün əsl mənasında tüğyan etməsinə gətirib. Vur-tut bir neçə ay ərzində “X” şəbəkəsində Rusiya dezinformasiyalarının auditoriyası 40 faizə qədər artıb”.
Avropa Komissiyasının hesabatında vurğulanır ki, Rusiyanın dezinformasiya kampaniyalarının dünyanın əsas sosial şəbəkələrində meydan sulaması 2024-cü ildə Avropa Parlamentinə (Avropa İttifaqının təmsilçi orqanı) keçiriləcək seçkilərə də təhlükə törədir. Komissiya 2023-cü il avqustun 25-dən Avropa İttifaqı məkanında qüvvəyə minən, internet məkanında dezinformasiyalara qarşı mübarizənin gücləndirilməsini, şübhəli materiallara operativ reaksiya verilməsini, onların dərhal məhdudlaşdırılmasını, platformalardan silinməsini, öhdəliyi pozan texnologiya şirkətlərinin iri məbləğdə cərimələnməsini nəzərdə tutan yeni qanunu var qüvvəsi ilə işə salmağa çağırır.
Mənbə: Forbes.com