Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin “parlamenti” yeni “prezident” seçməyə hazırlaşır.
2020-ci ildən rejimə başçılıq etmiş Araik Arutunyan sentyabrın 1-də istefa verib, idarəçilik “parlament sədri” David İşxanyana keçib.
Rejimdə “prezident” “ümumxalq seçkisində” 5 il müddətinə seçilir, amma müharibə vəziyyətində seçim “parlamentə” ötürülür.
Başçı postuna ən şanslı namizəd kimi Samvel Şahramanyan göstərilir.
Novator.az bildirir ki, Samvel Şahramanyan 1978-ci il dekabrın 1-də Stepanakert (Xankəndi) şəhərində doğulub. Əvvəl Ermənistanın paytaxtı Yerevanda, sonra Xankəndidə iqtisadiyyat üzrə ali təhsil alıb.
Rejimin “Milli Təhlükəsizlik Xidmətində”, “Dövlət Vergi Xidmətində”, “Ədliyyə Nazirliyində”, polis sistemində çalışıb, “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri”, “Təhlükəsizlik Şurasının katibi” olub.
General-mayordur.
Avqustun 31-də “dövlət naziri” (hökumət başçısı) postuna təyinat alıb.
Samvel Şahramanyan 2023-cü il martın 1-i Xocalı şəhərində Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədovla keçirilmiş görüşdə erməni nümayəndə heyətinə başçılıq edib.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini (indiki Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu) özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci ildə Azərbaycanın apardığı müharibə nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin əlində qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
İşğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.