Sentyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarları açıqlanıb. Aihmaz.org-ın məlumatına görə, Azərbaycan dövləti ölkədən çıxışının yasaqlanmasından şikayət etmiş jurnalist Şahvələd Çobanoğlunun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hərəkət azadlığına və səmərəli hüquqi müdafiə vasitələri hüququna müdaxiləni etiraf edib, ona 6 min avro təzminat ödəməyə boyun olub.
Dövlət qulluğundan xaric edilməsinə görə məhkəmə çəkişmələri aparmış İlqar Qurbanovun şikayətini araşdıran Avropa Məhkəməsi ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gəlib. Qərara görə, Azərbaycan dövləti İlqar Qurbanova 1000 avro təzminat ödəməlidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.