Çində fərdi mənzili olan, özünə ev almaq istəyən qadınların sayı artır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş yazıda qeyd olunur ki, 2020-ci ilə aid tədqiqat Çində daşınmaz əmlak sahibi olan, tək yaşayan qadınların sayının on il əvvələ nəzərən 6,9 faizdən 10,3 faizə yüksəldiyini göstərib: “Ölkənin daşınmaz əmlak bazarında qadın alıcıların çoxalması mənzil sektorunda qarışıq vəziyyətin baş qaldırdığı dövrə təsadüf edir. Çində irili-xırdalı bir çox inşaat şirkəti maliyyəsi tükəndiyindən mənzil tikintisini yarımçıq qoyub. Bu bir yandan potensial müştəriləri qorxuya salıb, o biri yandan bəzi qadınlara ev qiymətlərinin və ipoteka faizlərinin düşməsindən yararlanaraq hazır, qismən təchiz olunmuş mənzillərə yiyələnmək şansı verib. Çinin sosial media məkanında daşınmaz əmlak agentləri tək qadınları mənzil alışına cəlb etmək üçün “Tənha qadınlara uyğun kiçik ev” kimi başlıqlar altında reklam çarxları yaymağa başlayıb”.
Qəzet son zamanlar Çində nikaha münasibətin də dəyişdiyinə diqqət çəkir, on il öncə ilə müqayisədə ölkədə yaşı 25-i keçmiş subay qadınların sayının təxminən 10 milyon nəfər artdığını, bir yandan iqtisadi inkişaf zəiflədiyindən, o biri yandan müstəqil həyat tərzinə üstünlük verdiyindən bəzi gənclərin ailə qurmaq istəmədiyini vurğulayır: “2022-ci ildə ölkədə bağlanan nikahların sayı 6,8 milyona enib. Bu, son illərin ən aşağı göstəricisidir.
Rəsmi statistikaya əsasən, 2021-ci ildə ali təhsil almaq istəyən çinli qadınların sayı kişilərin sayını üstələyib. Şəhər yerlərində işləyən qadınların sayı isə on il əvvəlki dövrlə müqayisədə 40 faizədək çoxalıb.
Beləliklə, digər faktorlarla yanaşı qadınların müstəqil pul qazanmaq imkanlarının genişlənməsi də onların fərdi mənzil almaq istəyini stimullaşdırır.
Ölkə qanunvericiliyinə edilən dəyişiklik qadınlarda ər evində yaşamağın riskli olduğu təsəvvürünü formalaşdırıb. 2011-ci ilə qədər Çində boşanma işinə baxanda məhkəmə ər-arvadın evini ailənin ümumi mülkiyyəti kimi qəbul edirdi. Daşınmaz əmlakın bahalaşması və boşanmaların artması fonunda Çin Ali Məhkəməsi yeni prinsip tətbiq etdi: nikahdan əvvəl əldə olunan əmlak yalnız ilkin ödəniş etmiş və ya əmlakı birbaşa satın almış şəxsə aiddir. Bu yanaşma ipoteka ödənişlərinin sonrakı mərhələlərində iştirak etmiş qadınların da boşananda evsiz qalması ilə nəticələnib”.
“Nyu-York Tayms” qeyd edir ki, Çində daşınmaz əmlak sahibi olan qadınların sayının artması ölkədə mülkiyyət sahəsində gender fərqinin aradan qalxması anlamına gəlmir: “Pekin Universitetinin 2018-ci ildəki araşdırmasına görə, şəhər sakinləri arasında evi olan qadınların sayı evi olan kişilərin yarısı qədərdir. Kənd yerlərində bu fərq daha çoxdur”.
Qəzet vurğulayır ki, Çində evin olması nikahın əsas şərtlərindən biri sayılır: “Ona görə kasıb valideynlər də oğul evləndirəndə çox vaxt borc götürüb ona ev almaqda yardım göstərirlər”.
Dövlətə məxsus ingilisdilli “China Youth Daily” qəzetinin keçirdiyi yeni sorğunun nəticələrinə toxunan “Nyu-York Tayms” çinlilərin 94 faizinin tək qadınların ev almasına müsbət yanaşdığını bildirir: “Sorğu iştirakçılarının üçdə ikisi qadınların daşınmaz əmlaka yiyələnməsini gender bərabərliyinə doğru irəliləyiş kimi qiymətləndirib”.
Mənbə: Nytimes.com