Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Sadıqovun vəkilliyinin dayandırılması barədə qərarını ləğv edib. Xəbər sentyabrın 1-də yayılıb.
Novator.az bildirir ki, Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması və onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət qərarı Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında çıxarılmışdı. Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabr ayında göndərdiyi şikayət əsasında başlamışdı. Rəsmi açıqlamaya görə, Vəkillərin İntizam Komissiyası Elçin Sadıqovun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin və Vəkillər Kollegiyasının nizamnaməsinin tələblərini pozduğunu müəyyən etmişdi.
Elçin Sadıqov qeyd etmişdi ki, insan haqlarını müdafiə etdiyi üçün təqiblərə məruz qalır. O, Eynulla Fətullayevin Vəkillər Kollegiyasına şikayət vermək hüququnun olmadığını və həmin şikayətin icraata götürülməsinin əsassız olduğunu vurğulamışdı.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.
2022-ci il sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edib. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
Sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı 2023-cü il martın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Elçin Sadıqovun işi başqa icraata ayrılıb.
Eynulla Fətullayev Haqqin.az saytının baş redaktorudur. Əvəz Zeynallı və Elçin Sadıqov cinayət məsuliyyətinə 2022-ci il sentyabrın 7-də Haqqin.az saytında getmiş yazıdan sonra alınıblar. Həmin yazıda jurnalistin Rasim Məmmədovdan rüşvət aldığı iddia olunub.
Vəkillər Kollegiyası Elçin Sadıqovu məsuliyyətə cəlb edir
Elçin Sadıqovun prezidentə müraciəti