UEFA-nın klub turnirlərində təsnifat mərhələləri başa çatıb. Novator.az bildirir ki, 2023-2024 mövsümünə buraxılmış 234 komandanın 138-i ələnib, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 32 komanda qalıb.
Çempionlar Liqasındakı 14 komandanın turnirdə zəfəri var. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış yarışda “Real” 14, “Milan” 7, “Bavariya” 6, “Barselona” 5, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika” və “Portu” 2, “Seltik”, “Feyenoord”, PSV, “Srvena Zvezda”, “Borussiya” (Dortmund) və “Mançester Siti” 1 titul əldə edib.
Avropa Liqasında yer alan 4 komanda turnirə möhür vurub. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış yarışda “Liverpul” 3, “Ayaks”, “Bayer” və “Vilyarreal” 1 titula sahibdir.
Rusiya turnirlərdən kənardır, 19 UEFA üzvü, o cümlədən Ermənistan, Latviya, Litva, Gürcüstan, Estoniya, Belarus təmsilçisiz qalıb, İngiltərə, İtaliya, Almaniya, Fransa, Belçika itki verməyib.
Azərbaycan mövsümə 4 komanda ilə başlayıb. Çempionlar Liqasının birinci mərhələsində start götürən “Qarabağ” ikinci raundda ilişib, Avropa Liqasına köçərək iki mərhələ adlayıb və qrup raunduna vəsiqə alıb.
Konfrans Liqasındakı təmsilçilər turnirə ikinci mərhələdən qoşulub. “Qəbələ” həmin raundda, “Sabah” və “Neftçi” üçüncü mərhələdə ələnib.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədə göstərilir.
İlk beşlikdə İngiltərə, İspaniya, İtaliya, Almaniya və Niderland qərar tutur.
Türkiyə 9-cu, Rusiya 26-cı, Qazaxıstan 34-cü, Ermənistan 35-ci, Gürcüstan 46-cıdır.
Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 2,625 əmsal əldə edib.