Sentyabrın 1-dən Rusiyanın orta məktəblərində tarix fənninin yeni dərsliklərlə tədrisinə başlanıb. Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalı həmin dərsliklərin məzmununa nəzər salıb.
Novator.az-ın məlumatına görə, kanalın internet səhifəsində yerləşdirilmiş şərhdə deyilir ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov və Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru Aleksandr Çubaryanın 10-11-ci siniflər üçün müştərək qələmə aldığı vahid tarix dərslikləri Kremlin siyasi konyunkturasına tam uyğunlaşdırılıb: “Rusiyada tarix dərslikləri ilk dəfə deyil yenidən yazılır. Dərsliklərə buna qədər də 2014-cü ildə Ukraynadan ilhaq olunmuş Krım bölgəsi, Rusiyanın məruz qaldığı beynəlxalq sanksiyalar haqda yalanlar əlavə edilmişdi. İndi 10-11-ci siniflərin tarix dərsliklərində bu tezislər daha da gücləndirilib, üstəlik, həmin dərsliklərə Rusiyanın 2022-ci ildən Ukraynada başlatdığı, Kremlin rəsmən xüsusi hərbi əməliyyat adlandırdığı müharibə barəsində uydurmalar əlavə olunub.
Hökumət yalnız 10-11-ci siniflərin dərsliklərini dəyişdirə bilib. 2024-cü ilin sentyabrından 5-9-cu siniflər də yeni tarix dərslikləri ilə oxumağa başlayacaq. Hazırda eyni müəlliflər qrupu 5-9-cu siniflərin tarix dərslikləri üzərində iş aparır. Oxşar tezislərin həmin dərsliklərə də əlavə edilməsi gözlənir.
10-11-ci siniflərin tarix dərsliklərində sovet dövrünün 1970-1990-cı illərini əhatə edən bölmələr də yenidən işlənib. Müəlliflərin söykəndiyi başlıca tezislər bunlardır: Qərb Rusiyada sabitliyi pozmağa cəhd göstərir, bütün dünya Rusiyaya, ruslara düşmən kəsilib. Müəlliflər çağdaş tarixi hadisələrə, o cümlədən Rusiyanın Ukraynaya hərbi təcavüzünə ilk növbədə bu tezislərlə haqq qazandırmağa çalışıblar.
Dərsliklərdə Qərbin Rusiyanı 2003-cü ilədək Balkan yarımadasında mövcud olmuş Yuqoslaviya dövləti kimi parçalamaq istədiyi, planın NATO-da hazırlandığı bildirilir.
Bəlli olduğu kimi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 8-də, Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan hərbçiləri Cənubi Osetiyada əməliyyat keçirməyə cəhd göstərib. Rusiya Gürcüstana qoşun yeridib, avqustun 12-dək davam edən müharibədə ölkənin bir hissəsini işğal edib. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb.
Rusiyanın yeni tarix dərsliklərində bu hadisələr “Amerikapərəst Saakaşvili rejiminin yüz illərdir Rusiya ilə ortaq tarixə malik olan, Rusiya ilə dostluq edən Cənubi Osetiyaya hücumu” kimi qələmə verilir.
Dərsliklərdə Şərqi Avropada sovet abidələrinin sökülməsi rusofobiya kimi xarakterizə olunur, Baltik ölkələrində, nəhayət, Ukraynada neonasizmin baş qaldırdığı iddia edilir.
Bildirilir ki, ABŞ-ın, Avropa ölkələrinin Kiyevlə əməkdaşlıqda məqsədi Ukraynanı gücləndirmək, inkişaf etdirmək deyil, Rusiyanı zəiflətməkdir.
2014-cü ilin fevralında Ukraynada hakimiyyətin xalq üsyanı ilə dəyişməsi, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələrin əvəzləməsi bu planın tərkib hissəsi kimi diqqətə çatdırılır, o vaxtdan Ukraynaya əli qana batmış hərbi xuntanın başçılıq etdiyi vurğulanır.
Müəlliflər yazırlar ki, Moskvanın 2022-ci ilin fevralında Ukraynaya qoşun yeritməkdə məqsədi Donbası qorumaq, Rusiyanın təhlükəsizliyini gücləndirməkdir”.
“Doyçe Velle” kanalının şərhində dərsliklərin dilinə də toxunulur. Bildirilir ki, bu dərsliklərin dili standart təhsil dilindən çox fərqlənir: “Dərsliklər elmi dildə deyil, duyğuların, hisslərin dilində, sanki ajiotaj, təşviş içində yazılıb. 10-11-ci siniflərin yeni tarix dərsliklərində “Rusiya”, “Rusiya vətəndaşları”, “ruslar” əvəzinə daha çox “biz”, “ölkəmiz” ifadələrindən istifadə edilib.
Müəlliflər faktları bir kənara qoyub orta məktəb şagirdlərinə “Şansınızı qaçırmayın. Bu gün Rusiya həqiqətən fürsətlər ölkəsidir” deyə çağırış edirmiş kimi davranıblar”.
Mənbə: Dw.com