Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin başçısı Araik Arutunyan avqustun 31-də istefa bəyanatı verib. Novator.az-ın məlumatına görə, o, rəsmi ərizəsini “parlamentə” sentyabrın 1-də təqdim edəcəyini vurğulayıb.
Araik Arutunyan həmçinin deyib ki, Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən çıxararaq həmin posta Samvel Şahramanyanı təyin edib.
Qurgen Nersisyan 2023-cü il martın 1-dən “dövlət naziri” idi.
Samvel Şahramanyan 1978-ci ildə Xankəndidə doğulub. İqtisadiyyat üzrə ali təhsil alıb. 2023-cü il yanvarın 16-dan “Təhlükəsizlik Şurasının katibi” idi. Əvvəllər “Milli Təhlükəsizlik Xidmətinin direktoru”; “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” postlarını tutub. O, 2023-cü il martın 1-i Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi, deputat Ramin Məmmədovla keçirilmiş görüşdə erməni nümayəndə heyətinə başçılıq edib.
1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” (hökumət başçısı) olub. 2020-ci il aprelin 14-də “prezident” seçilib, mayın 21-də səlahiyyətlərinin icrasına başlayıb.
İşğalçı rejimin “konstitusiyasına” görə, “prezident” səlahiyyətləri “parlament sədri” David İşxanyana keçməlidir.
1968-ci ildə Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.
Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.
1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür.
1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.
2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.
Ermənistan 1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci il sentyabrın 2-də bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlindədir.
İşğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.