Avropa İnsan Hüquqları Məhkəməsi avqustun 31-də Azərbaycandan şikayətlər qərarlar açıqlayıb.
Nabat Bağırova və başqa 5 nəfərin şikayətini araşdıran məhkəmə onların Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan mülkiyyət hüququnun pozulduğu qənaətinə gəlib (Bakıda ərizəçilərə məxsus fərdi evlər, evlərə aid sahələr və mənzillər 2015-2016-cı illərdə yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb), təzminat məsələsində dövlətlə anlaşma üçün vaxt verib.
Aaihmaz.org bildirir ki, Suğra Quliyevanın şikayəti Saray bələdiyyəsinin verdiyi 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı olub. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa edib. Ərazi Milli Təhlükəsizlik Nazirliyinə veriləndən sonra ərizəçidən alınıb, ona təzminat ödənməyib. Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərar qəbul edib, mülkiyyət hüququnun pozuntusunu tanıyıb, təzminat məsələsində ərizəçinin dövlətlə razılaşmasını mümkün sayıb.
Yekun qərara görə, dövlət ərizəçiyə 65200 avro təzminat ödəməlidir.
Nəsimi Musayev 2011-ci ildə sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı qismən yararlı sayılıb, ancaq müvafiq hərbi bilet vaxtında verilmədiyi üçün ali məktəbə qəbul imtahanında iştirak edə bilməyib.
Ərizəçi Lerik Rayon Hərbi Komissarlığını və Müdafiə Nazirliyini məhkəməyə verərək 100 min manat məbləğində mənəvi ziyan əvəzi tələb edib, ancaq iddiası təmin olunmayıb.
Avropa Məhkəməsinə müraciətində Nəsimi Musayev ədalətli məhkəmə araşdırması və təhsil hüquqlarının pozulduğunu iddia edib.
Kommunikasiya zamanı dövlət ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb. Avropa Məhkəməsi bunu yetərli sayıb.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.