Avqustun 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon danışığında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. İlham Əliyev deyib ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejim Ağdam-Xankəndi yolunun istifadəsinə süni əngəllər yaradır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edir. Prezident qeyd edib ki, Ermənistan və qondarma rejim Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmanı pozub, həmçinin Azərbaycanla razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğu iddia edilən yüklər gətirilib.
Dövlət başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalır. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlindədir.
2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənistan və onun havadarları postun götürülməsini istəyir.