Dünya mediasından
- 28 Avqust 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetXəbər
“Wall Street Journal” qəzetinin “Putin, Priqojin və Qərbin xülyası” başlıqlı redaksiya məqaləsində deyilir ki, neçə ildir Rusiya prezidenti Vladimir Putinin rəqiblərinin meyiti ələ gəlir: “Muzdlu dəstənin başçısı Yevgeni Priqojinlə də belə oldu. Rəsmi xəbərə əsasən, o, Moskva yaxınlığında təyyarə qəzasına uğrayıb. Sovet dövrünün dili ilə desək, təsadüfi deyil, yoldaşlar!” Məqalədə bildirilir ki, əslində qiyam cəhdindən sonra Priqojinin taleyinin necə olacağı bəlli idi: “Yevgeni Priqojinin ölümü başqa potensial qiyamçılara xəbərdarlıqdır. Çox güman, rusiyalılar da hadisəni məhz bu cür qəbul edəcəklər. Priqojinin sonu Rusiyada idarəçilik üsulunun nə qədər amansız olduğuna növbəti əyani sübutdur. Qərbdə, o cümlədən ABŞ-da çox siyasətçiyə elə gəlir ki, Putini utandırmaq, yaxud onu böyük rus imperiyası yaratmaq niyyətindən geri çəkilməyə inandırmaq mümkündür. Xeyr, bunu yalnız Putini hərəkətə gətirən ideologiyanı, onun mayasında duran qəddarlığı anlamayanlar düşünə bilər. Putin onun yolunu kəsən hər kəsi öldürəcək, istər Rusiyada olsun, istərsə də xaricdə – Ukraynada, Polşada, yaxud başqa ölkədə. Yetər ki, öldürmək ona əl versin”.
“Nyu-York Tayms” qəzeti yazır ki, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsinin bir çox tərəfdarı Yevgeni Priqojinin qətlə yetirildiyini düşünür. Qəzet bildirir ki, Priqojinin həlak olduğu xəbəri yayılan kimi onun bir sıra tərəfdarı “Telegram” platformasında bunun təsadüf olduğuna inanmadıqlarını açıq ifadə etməyə başlayıb. Onların çoxu Priqojinin ölümündə konkret kimi günahkar saydığını söyləməsə də, hadisənin arxasında Rusiya hakimiyyətinə bağlı adamların dayanmasından şübhələndiyini vurğulayıb. Məsələn, “Vaqner”ə bağlı “Seraya Zona” teleqram kanalında Priqojinin şəkli yerləşdirilib, o, əsl vətənpərvər adlandırılıb: “Priqojini Rusiyadakı satqınlar öldürüb”. Muzdlu qruplaşmaya yaxın hesab olunan rusiyalı hərbi bloqçu Roman Saponkov isə öz teleqram kanalında qeyd edib: “Priqojinin qətli fəlakətə gətirəcək. Bu qətlə göstəriş verənlərin ordudakı ovqatdan xəbəri yoxdur”. “Vaqner”in bu il iyunun 24-də qaldırdığı qiyam dayanana qədər Priqojini fəal şəkildə dəstəkləmiş Aleks Parker təxəllüslü anonim bloqçu maqnatın ölümünü 2015-2016-cı illərdə baş verənlərin təkrarı kimi qiymətləndirib. Həmin dövrdə Moskvanın himayəsi altında Ukraynanın şərqini zəbt etmiş separatçı rejimin bir neçə məsul üzvü öz silahdaşlarının xəyanətinə qurban getmişdi. Aleks Parker Yevgeni Priqojinin ölümündə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb, bu cür hadisələrin bir qayda olaraq yalnız Putinin sifarişi ilə həyata keçirildiyini vurğulayıb. Müharibə təbliğatçısı kimi ad çıxarmış bloqçu Boris Rojin isə Yevgeni Priqojinin ölümünü “bütöv bir epoxanın sonu” kimi xarakterizə edib.
Ukraynalıların 83,8 faizi Rusiyanın işğalçı müharibə fonunda dezinformasiyaları çoxaldığını düşünür. Ölkənin Media və Kommunikasiyalar İnstitutunun icraçı direktoru Diana Dutsık belə deyib. O qeyd edib ki, institut “Ukraynada Rusiya dezinformasiyasına qarşı mübarizənin effektivliyi” adlı tədqiqat aparıb. Tədqiqat çərçivəsində ictimai rəy sorğusu da keçirilib. Sorğu vətəndaş cəmiyyəti qurumlarının, saxta xəbərlərə qarşı mübarizəyə yönəlmiş layihələrin işçilərini də əhatə edib. Hesabata əsasən, respondentlərin 68 faizi Rusiyanın 2022-ci ilin fevralından bəri Ukrayna əleyhinə dezinformasiyaların sayını artırması fikri ilə tam, 15,8 faizi qismən razılaşıb. Sorğu iştirakçılarının 50 faizə yaxını Ukraynanın dezinformasiyalar əleyhinə gördüyü tədbirləri qismən effektiv sayıb. 42,7 faiz deyib ki, Rusiya təbliğatına qarşı ən effektli mübarizəni prezident Vladimir Zelenski aparır. 34,4 faiz ikinci yerdə ukraynalı hərbçilərin əməyini qeyd edib. Media və Kommunikasiyalar İnstitutunun tədqiqatına görə, Kremlin dezinformasiya kampaniyaları haqda bilgilərin yayılması ukraynalıların 38,7 faizinin Rusiyadan qaynaqlanan saxta məlumatları vaxtında ayırd etməsinə yardım göstərə bilər. Respondentlərin 4,5 faizi bildirib ki, Ukraynada media savadlılığının artırılmasına ehtiyac var.
“Euronews” kanalı xəbər verir ki, homofob və irqçi fikirləri ilə gündəmə gələn italyan general Roberto Vannaççi tutduğu vəzifədən azad olunub. 1968-ci il təvəllüdlü general avqustun əvvəlində “Baş-ayaq dünya” adlı kitab nəşr etdirib. Qısa müddətdə “Amazon” internet şirkətinin İtaliya seqmentində bestseller siyahısına düşən kitabda müəllif ətraf mühit müdafiəçilərinin, solçuların, feministlərin, yəhudilərin və işsizlərin ünvanına sərt ittihamlar səsləndirib. Ən çox səs-küy doğuran onun seksual azlıqlar və qaradərili italiyalılar haqda yazdıqları olub. Ölkənin bir sıra kütləvi informasiya vasitəsi seksual azlıqları anormal olduqlarını etiraf etməyə çağıran, irqi fərqləri insanların bərabər doğulmamasına sübut kimi göstərən generalı homofob, seksist, irqçi yanaşmada qınayıb. İtaliyanın müdafiə naziri ittihamlarla razılaşdığını bəyan edib, Roberto Vannaççinin Silahlı Qüvvələri, Müdafiə Nazirliyini, konstitusiyanı hörmətdən saldığını söyləyib. Qalmaqal generalın Hərbi Coğrafiya İnstitutunun rəisi vəzifəsindən azad olunması ilə nəticələnib.
Amerikalı qadınlar hər gün orta hesabla 52 dəqiqəni uşaqlara və ailənin başqa üzvlərinə qulluğa sərf edir. Bura qadınların həm evdə, həm də evdən kənarda göstərdiyi qulluq daxildir. Amerikalı kişilərin gün ərzində bu işlərə sərf etdiyi vaxt isə 26 dəqiqə göstərilir. ABŞ-ın Əmək Statistikası Bürosunun bu statistikasını yayan “Bloomberg” agentliyi məsələyə ölkənin Qadın və Ailələrin Milli Tərəfdaşlığı qurumunun şərhini də əlavə edib. Şərhə əsasən, ailəyə-uşağa qulluğa görə ayrıca maaş verilsəydi, amerikalı qadınlar il ərzində ümumilikdə 627 milyard dollar əlavə pul qazanardılar. Maaş dedikdə söhbət saathesabı 14,5 dollar ödənişdən gedir. Amerikalı xanımlar ailə-uşağa xidmətin hər saatına görə bu qədər vəsait alsaydı, bir qadının illik qazancı 4600 dollar artardı. Eyni xidmətə görə kişilər eyni məbləğdə maaş alsaydı, hər kişinin illik qazancının üstünə 2300 dollar əlavə olunardı. Əmək Statistikası Bürosu ananın ildə ata qədər maaş ala bilməsi üçün nə qədər çalışmalı olduğuna da nəzər yetirib və uşağa baxmağın qadınları maddi cəhətdən geriyə saldığı qənaətinə gəlib. Büronun hesabatına görə, işləyən analar ailə başçısı olduğu təqdirdə belə kişilərdən az qazanırlar. Ailənin digər üzvlərinin də qayğısına qalmaqla məşğul olan xanımlar isə iş saatlarını azaltmaq, yaxud müəyyən aralıqda işdən ayrılmaq kimi səbəblərdən tez-tez karyera uğursuzluğu ilə üzləşirlər. Əmək Statistikası Bürosunun hesablamasına görə, 1967-ci ildən götürdükdə qadınlarla kişilər arasında maaş fərqi işləyən amerikalı xanımların ümumilikdə 61 trilyon dollar itirməsi ilə nəticələnib. Büro hesab edir ki, bərabər maaşa nail olmaq istiqamətində göstərilən səylər indiki templə davam etsə, fərq ən tez 2056-cı ildə aradan qalxa bilər. Statistikaya əsasən, ilk övlad doğulandan sonra işləyən ana ildə orta hesabla 8000 dollara yaxın pul itirir. Amma ilk övladın dünyaya gəlməsi atanın gəlirinə ciddi zərbə vurmur.