Avropa İnsan Hüquqları Məhkəməsi avqustun 31-də Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edəcək.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Aaihmaz.org bildirir ki, Nabat Bağırova və başqa 5 ərizəçinin şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan mülkiyyət hüququnun pozulduğu iddia olunub. Bakıda ərizəçilərə məxsus fərdi evlər, evlərə aid sahələr və mənzillər 2015-2016-cı illərdə yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb. Onlar mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu bildiriblər, yerli məhkəmələr şikayətləri rədd edib.
Suğra Quliyevanın şikayəti Saray bələdiyyəsinin verdiyi 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa edib. Ərazi Milli Təhlükəsizlik Nazirliyinə veriləndən sonra ərizəçidən alınıb, ona təzminat ödənməyib. Suğra Quliyeva 178 min manat məbləğində təzminat tələbi ilə Saray bələdiyyəsini və Milli Təhlükəsizlik Nazirliyini məhkəməyə verib, amma iddiası təmin olunmayıb. Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərar qəbul edib, mülkiyyət hüququnun pozuntusunu tanıyıb, təzminat məsələsində ərizəçinin dövlətlə razılaşmasını mümkün sayıb.
Nəsimi Musayev 2011-ci ildə sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı qismən yararlı sayılıb, ancaq müvafiq hərbi bilet vaxtında verilmədiyi üçün ali məktəbə qəbul imtahanında iştirak edə bilməyib.
Ərizəçi Lerik Rayon Hərbi Komissarlığını və Müdafiə Nazirliyini məhkəməyə verərək 100 min manat məbləğində mənəvi ziyan əvəzi tələb edib, ancaq iddiası təmin olunmayıb.
Avropa Məhkəməsinə müraciətində Nəsimi Musayev ədalətli məhkəmə araşdırması və təhsil hüquqlarının pozulduğunu iddia edib.