Rusiyada avqustun 23-də beş vermiş təyyarə qəzasında həlak olanların adları açıqlanıb. Paytaxt Moskvadan Sankt-Peterburq şəhərinə uçan “Embraer” təyyarəsi axşamüstü Tver vilayətinin Kujenkino kəndi yaxınlığında yerə düşüb. Qəzada 10 nəfər həlak olub.
Novator.az bildirir ki, 7 sərnişinin hamısı “Vaqner” özəl hərbi birləşməsinə bağlı şəxslərdir: qrupun sponsoru və faktiki rəhbəri Yevgeni Priqojin, Vaqner ləqəbli komandir Dmitri Utkin, komandirin müavini Valeri Çekalov, “Vaqner”in əməkdaşı Nikolay Matyuseyev, Yevgeni Priqojinin mühafizəçiləri Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin.
Həlak olan ekipaj üzvləri bunlardır: göyərtə komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov, stüardessa Kristina Raspopova.
“Vaqner” Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqəli, muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşmədir, Ukraynada aparılan işğalçı müharibədə döyüşüb.
Qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb, onun üzvləri Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Sudan, Mali və Mozambikdə də döyüşüb. Onlar bu dövlətlərdə avtoritar liderlərin tapşırıqlarını yerinə yetirməklə, bəzən neft-qaz yataqlarını ələ keçirməklə, nəticədə dolayı yolla həmin ərazilərdə Rusiyanın maraqlarını, təsirini möhkəmləndirməklə məşğul olub, bir çox halda mülki əhaliyə divan tutub, kütləvi edamlar həyata keçirib, mülkləri talan edib.
Yevgeni Priqojin 1961-ci il iyunun 1-də indiki Sankt-Peterburq şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il azadlıqdan şərti məhrum olunub, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 1988-ci ildə cəzası azaldılıb. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
1990-cı illərin əvvəllərində Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olan Vladimir Putinlə yaxınlığı başlayıb, sonra bu yaxınlıq dostluğa, müttəfiqliyə çevrilib.
Rusiya-Ukrayna müharibəsində prezident Vladimir Putinin arxalandığı əsas qüvvələrdən olan “Vaqner”in rəhbəri Yevgeni Priqojin 2022-ci ilin sonlarından Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə çəkişməyə başlayıb.
2023-cü il iyunun 23-də Yevgeni Priqojin bəyan edib ki, 2022-ci ilin fevral ayında Ukraynadan Rusiyaya hər hansı təhlükə və hərbi əməliyyatlara başlamağa əsas olmayıb, müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putini yanlış məlumatlarla müharibəyə sövq edib. İyunun 24-nə keçən gecə isə Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Yegveni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Yevgeni Priqojinə və döyüşçülərinə təhlükəsizlik vədi verilib, “Vaqner” geri çəkilib, sonra cinayət işi ləğv olunub.
İyunun 29-da Vladimir Putin Priqojini və “Vaqner”in bir çox komandirini Kremldə qəbul edərək müzakirələr aparıb.
Qiyam cəhdindən sonra əsas müzakirə mövzularından biri “Vaqner” üzvlərinin Rusiyanın rəsmi hərbi birləşmələri ilə müqavilə bağlayaraq xidmətə davam etməsi, ya da silahı yer qoyması olub. Son dövrlər “Vaqner”çilərin bir hissəsi Belarusda hərbi düşərgələr salıb.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub, orada orta təhsil alıb (səkkiz il 193 saylı məktəbdə, iki il 281 saylı xüsusi məktəbdə (kimya təmayüllü). Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.
1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb. Xidmətin beş ili (1985-1990) Almaniya Demokratik Respublikasında xarici kəşfiyyat rezidenti kimi keçib.
1990-cı ildən Vladimir Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun beynəlxalq məsələlər üzrə köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub. 1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun 2024 və 2030-cu illərdə də dövlət başçısı postuna namizəd olmaq hüququ var.
Mənbə: Theguardian.com